Avropa Liqası: "Qarabağ" məğlub oldu - Yenilənib

"Bojuar" stadionunda oynanılan qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb...

"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

Qurban Qurbanovun baş məşqçi olduğu komanda V turda Fransada "Nant" klubu ilə qarşılaşıb. "Bojuar" stadionundakı görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Matça fəal başlayan Ağdam klubu 7-ci dəqiqədə Toral Bayramovla rəqib qapısı qarşısına təhlükə yaradıb. Müdafiəçinin sol cinahdan yerlə ötürməsi son anda Ovusu Kvabenaya çatmayıb. Çərçivəyə ilk zərbəni isə meydan sahibləri endiriblər. 8-ci dəqiqədə Mustafa Məhəmmədin vurduğu top Şahruddin Məhəmmədəliyevdə qalıb. Bir dəqiqədə sonra Ovusu sürəti hesabına iki müdafiəçini keçib Alban Lyafonla üzbəüz qalsa da, qanalı hücumçunun fərqlənməsinə qapıçı imkan verməyib. 11-ci dəqiqədə Kadi Borgesin qüvvətli zərbəsini qolkiper çətinliklə dəf edib. 16-cı dəqiqədə hesab açılıb. Məhəmmədəliyevin səhvindən sonra Lüdovik Blas yerlə uzaq küncü dəqiq nişan alıb. 21-ci dəqiqədə fransalı yarımmüdafiəçi 2-ci qola yaxın olub. Amma qapıçı Blasın dubl etməsinin qarşısını alıb. 28-ci dəqiqədə Ovusu Bayramovun ötürməsinə toxunsa da, Lyafon zərbəni zərərsizləşdirib. 32-ci dəqiqədə isə afrikalı forvard yaxın məsafədən topu qapıçının üstünə vurub. 34-cü dəqiqədə Abdul-Kader Bambanın qüvvətli zərbəsini Məhəmmədəliyev çətinliklə qaytarıb. Hissənin sonlarına qədər qapılar qarşısında ciddi təhlükə yaşanmayıb və “Qarabağ” fasiləyə minimal hesablı məğlubiyyətlə yollanıb.

İkinci yarının əvvəlində komandalar bir qədər ehtiyatlı oyuna üstünlük veriblər. Getdikcə təzyiqi artıran “Qarabağ” bunun nəticəsini 56-cı dəqiqədə görüb. Cərimə meydançasında özünə qarşı kobudluqdan sonra təyin olunan penaltini qola çevirən Filip Ozobiç tarazlığı bərpa edib. Buraxılan qoldan sonra hücuma daha çox diqqət ayıran “Nant” futbolçuları 58-ci dəqiqədə yenidən önə keçmək üçün əla imkan əldə ediblər. Amma Məhəmmədəliyev inanılmaz reaksiya ilə rəqibin fərqlənməsinə mane olub. 61-ci dəqiqədə Kadi Borgesin cərimə zərbəsindən vurduğu top qapı dirəyindən geri qayıdıb. 73-cü dəqiqədə Ramil Şeydayevin sağ cinahdan ötürdüyü topa Zubir istədiyi kimi zərbə vura bilməyib. 75-ci dəqiqədə “Qarabağ”ın qapıçısı vaxtında mövqeyini tərk edərək, Mustafa Məhəmmədin fərqlənməsinə mane olub. 83-cü dəqiqədə misirli hücumçu növbəti dəfə diqqət mərkəzinə düşüb. Amma onun zərbəsindən sonra top az fərqlə qapının üstündən keçib. 87-ci dəqiqədə Ovusunun zərbəsində dəqiqlik çatmayıb. Əsas vaxta əlavə olunmuş 5-ci dəqiqədə isə "Nant" qələbə topunu vurub. İkinci hissədə meydana daxil olan İqnatius Qanaqo fərqlənib.

Beləliklə, bu nəticədən “Qarabağ” 7 xalla 2-ci pillədəki mövqeyini qoruyub. 6 xalı olan "Nant" isə 3-cü sırada qərarlaşıb. E qrupunun digər oyununda “Frayburq” Almaniyada Yunanıstan “Olimpiakos”u ilə 1:1 hesablı edərək, liderliyi təmin edib və 1/8 finala yüksəlib. (report)

00:14

***

Fransada "Nant" və "Qarabağ" arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyununda hesab bərabərləşib.

"Report"un məlumatına görə, 56-cı dəqiqədə penaltidən fərqlənən Ağdam klubunun yarımmüdafiəçisi Filip Ozobiç tarazlığı bərpa edib - 1:1.

***

Fransada "Nant" və "Qarabağ" arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyununda ilk hissə başa çatıb.

Azərbaycan çempionu fasiləyə minimal hesablı məğlubiyyətlə yollanıb.

Yeganə qolu 16-cı dəqiqədə Lüdovik Blas vurub.

***

Fransada "Nant" və "Qarabağ" arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyununda hesab açılıb.

"Report"un məlumatına görə, meydan sahiblərindən Lüdovik Blas 16-cı dəqiqədə topu "köhlən atlar"ın qapısından keçirib.

***

Fransada "Nant" və "Qarabağ" arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyunu başlayıb.

"Bojuar" stadionunda oynanılan qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

Görüşü danimarkalı FIFA referisi Yakob Kehlet idarə edir.

Qeyd edək ki, bu komandalar arasında Bakıda keçirilmiş matç "köhlən atlar"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

***

Komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

"Nant": 1. Alban Lyafon, 3. Andrey Cirotto, 5. Pedro Çirivelya, 7. Evann Gessan, 8. Samüel Mutussami, 10. Lüdovik Blas, 21. Jan-Şarl Kastelletto, 24. Sebastyan Korşya, 29. Kenten Merlen, 31. Mustafa Məhəmməd, 55. Abdul-Kader Bamba

Ehtiyat oyunçular: 16. Remi Deskam, 30. Denis Petriç, 2. Fabio, 4. Nikolya Pallua, 11. Markus Koko, 12. Dennis Appia, 14. İqnatius Qanaqo, 17. Mussa Sissoko, 19. Məhəmməd Açi, 22. Qor Manvelyan, 27. Moyzes Simon

Baş məşqçi: Antuan Kambuare

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev (k), 7. Riçard Almeyda, 10. Abdullah Zubir, 11. Kvabena Ovusu, 13. Bəhlul Mustafazadə, 19. Filip Ozobiç, 20. Kadi Borges. 27. Toral Bayramov, 29. Marko Veşoviç, 81. Kevin Medina

Ehtiyar oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 6. Julio Roman, 8. Marko Yankoviç, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 77. Ramil Şeydayev, 90. Nəriman Axundzadə

Baş məşqçi: Qurban Qurbanov

Qeyd edək ki, "Bojuar" stadionunda oynanılacaq "Nant" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

pia.az