Cənubi Azərbaycanın lidersizlik problemi və İlham Əliyevin Tehrana göndərdiyi mesaj...

İlham Əliyev: “Onların təhlükəsizliyi, hüquqları, salamatlığı bizim üçün çox böyük əhəmiyyət kəsb edir”...

Politoloq: “İranda yaşayan azərbaycanlılar farslardan heç də az deyil, bəlkə də çoxdur. Hətta farslardan cüzi az olsalar belə, 40 milyonluq bir xalqın dili İranda həm tədris olunmalı, həm də ən azından dövlətin ikinci rəsmi dilinə çevrilməlidir”.

“Əgər İran ordusu Arazın şimal istiqamətinə keçmək istəyirsə, buyursun keçsin. Biz Azərbaycanda onları necə lazımdır qarşılaşacağıq”.

Bu sözləri politoloq Zaur Məmmədov prezident İlham Əliyevin Tehrana göndərdiyi mesajı PİA.az-a şərh edərkən qeyd edib.

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyevi qəbul edərkən deyib ki, İrandakı soydaşlarımızın vəziyyətini beynəlxalq ictimaiyyətə çıxarda bilərik. Bu, bizim hüququmuzdur. Eyni zamanda prezident bildirib ki, təkcə Azərbaycanın hüdudlarından kənarda yaşayan azərbaycanlıların sayı Azərbaycanda yaşayanlardan xeyli çoxdur, bir neçə dəfə çoxdur.

Prezidentin əslində Tehrana yolladığı bu mesajları necə dəyərləndirmək olar? Bilirik ki, Cənubi Azərbaycanda Milli Hərəkat daha çox lidersizlikdən ziyan çəkir. Azərbaycan prezidentinin bu yeni yanaşması cənubdakı soydaşlarımızın milli mübarizəsini gücləndirə bilərmi?

İran-Azərbaycan münasibətlərini PİA.az-ın əməkdaşı Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov ilə müzakirə edib.

Zaur Məmmədov: “Yaxşı olardı ki, İran regionla bağlı xarici siyasətini format etdirsin və Cənubi Qafqazla bağlı siyasətinə sıfırdan yenidən başlasın”.

İran Cənubi Qafqazda özünün strateji müttəfiqi olaraq Ermənistanı gördüyünü vurğulayan politoloq PİA.az-a bildirib ki, bu İranın seçimidir və belə olan halda biz də İrandakı soydaşlarımızın milli və insani haqqlarını qorunmasını beynəlxalq miqyasda müzakirəyə çıxarmalıyıq. Prezident İlham Əliyevin də dediyi kimi bu bizim hüququmuzdur:

“Azərbaycanlılar bu gün İran dövləti tərəfindən ciddi şəkildə ayrı-seçkiliyə məruz qalıblar. Başa düşülməlidir ki, 10-cu ərsdən 1920-ci illərin ortasına kimi məhz Azərbaycan türkləri tərəfindən bütün bu coğrafiyalar, Arazın cənub istiqamətində də hakimiyyət qurmuşdu. Hal-hazırda onların ana dilində məktəblərinin olmaması doğrudan da başa düşülən deyil. Əgər söhbət çoxluqdan, azlıqdan gedirsə, çoxluq da, azlıq da hər zaman öz ana dilində dərsini keçib. Amma məlumdur ki, hansı səbəblərə görə İranda azərbaycanlılara qarşı belə bir siyasət yürüdülür.

Digər tərəfdən İranda yaşayan azərbaycanlılar farslardan heç də az deyil, bəlkə də çoxdur. Hətta farslardan cüzi az olsalar belə, 40 milyonluq bir xalqın dili İranda həm tədris olunmalı, həm də ən azından dövlətin ikinci rəsmi dilinə çevrilməlidir. Fikrimcə İranda bu məsələlərin qaldırılmasının artıq vaxtıdır. Çünki 30 ildir ki, biz Tehranın basqılarına dözürük. İndi isə dünyada qlobal dəyişikliklərin baş verdiyi bir zamanda azərbaycanlıların İranda söz sahibi olmaları üçün mübarizəyə qalxmalıdır və Azərbaycan Respublikası da bütün imkanları ilə soydaşlarımızın yanında olmalıdır.

İran dövləti Azərbaycanın Şərqi Zəngəzur və Qarabağı azad etməsi məsələsinə qısqanclıqla yanaşır. Əgər bu belə olmasaydı, biz 44 günlük müharibədə İran ordusunun Azərbaycan ordusuna mane olmasını görməzdik. Daha sonra biz İran vasitəsilə Rusiyanın Ermənistana silah göndərməsinə şəhidlik etməzdik. Belə çıxır ki, İran Cənubi Qafqazda özünün strateji müttəfiqi olaraq Ermənistanı görür. Bu İranın seçimidir və belə olan halda biz də İrandakı soydaşlarımızın milli və insani haqqlarını qorunmasını beynəlxalq miqyasda müzakirəyə çıxarmalıyıq. Prezident İlham Əliyevin də dediyi kimi bu bizim hüququmuzdur.

İndi də Tehranda siyasi qüvvələr düşünürlər ki, onu-bunu aldatmaqla, onları yalançı vədlərlə və dini duyğuların sömürülməsi ilə o taylı-bu tayslı azərbaycanlıları inandırmağa nail olacaqlar. Amma bu belə deyil. Əgər İran ordusu Arazın şimal istiqamətinə keçmək istəyirsə, buyursun keçsin. Biz Azərbaycanda onları necə lazımdır qarşılaşacağıq.

Zaur Məmmədov: “Ruhani hakimiyyəti dövründə Azərbaycan-İran münasibətləri az-çox müəyyən istiqamətlərdə inkişaf edirdisə, iqtisadi münasibətlərin şahidi idiksə, bu gün Rəisi və Abdullahian dövründə tamamilə sərt şəkildə Azərbaycana qarşı hücum ritorikasına şahidlik etməkdəyik”.

Ümumiyyətlə, 44 günlük müharibədən sonra rəsmi Bakı İrana çox yaxşı layihələr təklif etmişdi. Azərbaycan Qafqazda İrana da bir pay verməyi düşünürdü. Amma görünən odur ki, İran düzgün məsələlərdən nəticə çıxarmağı bacarmadı. Bundan əvvəlki hakimiyyət, yəni Ruhani hakimiyyəti dövründə Azərbaycan-İran münasibətləri az-çox müəyyən istiqamətlərdə inkişaf edirdisə, iqtisadi münasibətlərin şahidi idiksə, bu gün Rəisi və Abdullahian dövründə tamamilə sərt şəkildə Azərbaycana qarşı hücum ritorikasına şahidlik etməkdəyik.

Bu da sözsüz ki, bölgə üçün yaxşı nəysə vəd etmir. Əksinə birgə layihələr həyata keçirmək və real istiqamətlər üzrə addımlamaq lazımdır. Buna görə hələ ki, İranın vaxtı var. Yaxşı olardı ki, İran regionla bağlı xarici siyasətini format etdirsin və bu siyasətə sıfırdan yenidən başlasın. Eyni zamanda yaxşı olardı ki, İran Ermənistanın yanında olaraq Qafan, Zəngəzur bölgəsində yaşayan ermənilərə bir burada sizi qoruyacağıq deməsin. İran unutmasın ki, Qafanda da, Gorusda da, Mehində də yaşayan ermənilər oraya gəlməlidirlər. Onlar oranın ev sahibləri deyillər və qonaqdırlar. Həqiqi ev sahibləri isə istənilən zaman onlara real və adekvat cavab verə bilər”.

Nərminə UMUDLU pia.az