"Zəfər Yürüşü"nün yeganə qadın iştirakçısı: "Ən çətin etap üzgüçülük oldu"

"Ən çətin etap üzgüçülük yarışı oldu. Çünki su soyuq idi"...

Bunu "Report"un Zəngilana ezam olunmuş əməkdaşına açıqlamasında "Zəfər Yürüşü"nün triatlon yarışının yeganə qadın idmançısı Adilə Süleymanova deyib.

İdmançı bildirib ki, üzgüçülüklə yanaşı qaçış mərhələsi də çətin olub: "Velosiped etapı nisbətən asan oldu. Sonuncu, mübarizədə isə artıq gücümüz azalmışdı və çətinlik çəkdik".

Adilə Süleymanova qeyd edib ki, işğaldan azad olunmuş Zəngilanda ilk idman yarışında iştirak etmək onun üçün qürurverici hadisədir: "Çox sevincli, çox qürurluyam. Doğma torpaqlarımızda yarışmaq mənim üçün şərəfdir. Növbəti yarışlarda da məmnuniyyətlə iştirak edəcəm".

Qeyd edək ki, "Zəfər Yürüşü" turnirinin triatlon yarışında idmançılar 300 metr məsafəyə üzgüçülük, 10 km velosiped sürmə və 2 km qaçış etaplarında mübarizə aparıblar.

pia.az