Ağbəndin azad edilməsini Prezidentə məruzə edən general: “Düşmənlə 6 saatdan çox döyüşdük”

“Vətən müharibəsində düşmənlə 6 saatdan çox döyüşdük və Ağbənd sərhəd zastavasını azad etdik”...

Bunu “Report”un Zəngilan rayonuna ezam olunan əməkdaşına müsahibəsində Dövlət Sərhəd Xidmətinin (DSX) general-mayoru Misir Əliyev deyib.

O bildirib ki, İkinci Qarabağ müharibəsində yuxarı rəhbərlik tərəfindən verilən əsas tapşırıq Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsini ermənilərdən azad etmək olub.

“Həmçinin yuxarı komandanlıqdan Azərbaycan-Ermənistan dövlət sərhədində strateji yüksəklikləri düşməndən təmizləmək və dövlət sərhədini bərpa etmək tapşırığını da aldıq. Əməliyyatlar zamanı bölmələrimiz Zəngilan şəhərini azad etdikdən sonra Arazboyu hərəkətə başladı. Araz çayı istiqamətində hərəkət zamanı İranda yaşayan soydaşlarımız tərəfindən çox böyük sevinclə qarşılandıq. Bu, bütün bölmələrimiz üçün qürurverici idi. Lakin onların sevinci bizim həyatımız üçün təhlükəli idi. Çünki ermənilər bizim gəlişimizi görə bilərdi. Arazboyu hərəkətimizi düşmənin sezməsi nəzərə alınaraq, Baharlı sərhəd zastavası istiqamətindən dağlıq əraziyə yollandıq. Ora relyef baxımından çox çətin ərazilərdir. Baharlı sərhəd zastavasından dağboyu 6-7 kilometr hərəkət etdik. Sonra isə Bartaz istiqamətində ermənilər tərəfindən “Qrad” və minaatan mərmilərin atəşinə məruz qaldıq. Həmin istiqamətdə mövqelərimizi möhkəmləndirdik və düşmən həmlələrini məhv etdik”, - general-mayor söyləyib.

M.Əliyev vurğulayıb ki, daha sonra tapşırığı tam icra etmək üçün Ağbənd sərhəd zastavası istiqamətində hərəkətə başlayıblar. Əvvəlcə ön kəşfiyyat dəstlələri həmin zastavada müşahidə aparıb: “Ermənilərin çoxlu sayda qüvvəsinin cəmləşdiyi və qarşımıza doğru hərəkət etdiyi məlum oldu. Bölmələrimizi dərhal ön tərəfdə olan yüksəkliklərdə cəmləşdirdik. Həmin vaxt yüksəkliklərdə düşmənin iki kamerası vardı. Onlar kamera vasitəsi ilə bizim hərəkətlərimizi izləyirdilər. Bir kameranı zərərsizləşdirdik. Digər kameranı isə zərərsizləşdirməyə vaxtımız yox idi”.

Onun sözlərinə görə, tapşırıq əraziyə girib düşməni məhv etmək, Ağbənd sərhəd zastavasını ermənilərdən təmizləmək və Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsini bərpa etmək idi: “Erməni silahlı qüvvələrinin bölmələri ilə 6 saatdan çox döyüşdük. Nəticədə erməniləri məhv etdik və Ağbənd sərhəd zastavasını düşməndən tam təmizlədik. Bu barədə Ali Baş Komandana məruzə etmək mənə nəsib oldu. Bununla da Dövlət Sərhəd Xidməti tərəfindən Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsi mühafizəyə götürüldü”.

Xatırladaq ki, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, M.Əliyev 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Cəbrayılın azad olunmasına görə" və "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Prezident İlham Əliyevin bu il avqustun 17-də imzaladığı sərəncama əsasən, ona general-mayor ali hərbi rütbəsi verilib.

pia.az