Bakıda nişanlısı tərəfindən amansızlıqla öldürülən 16 yaşlı qızla bağlı yeni faktlar - Yenilənib, Video

H.Rəcəbova 2021-ci ildə 8-ci sinifdə oxuyarkən ailəsinin tələbi ilə təhsilini yarımçıq qoyub...

Dünən Abşeron rayonu Hökməli qəsəbəsində nişanlısı tərəfindən qətlə yetirilən 16 yaşlı H.Rəcəbovanın orta təhsili yarımçıq qalıbmış.

Hökməli qəsəbə tam orta məktəbindən “Qafqazinfo”ya bildirilib ki, H.Rəcəbova 2021-ci ildə 8-ci sinifdə oxuyarkən ailəsinin tələbi ilə təhsilini yarımçıq qoyub.

“Onun atası bir müddət əvvəl vəfat edib, qapalı ailə olduqları üçün anasını çölə buraxmırlar. Nənəsi orta məktəbə gəlib təkidlə nəvəsinin məktəbdən çıxarılmasını tələb etdi. O, nəvəsinin nişanlandığını və 8-ci sinifdən sonra təhsilə davam etməyəcəyini bildirdi. Bundan sonra H.Rəcəbovanın məktəbdən çıxarılmasını aktlaşdırdıq və məktəbi tərk etdi”, - deyə bildirib.

Qeyd edək ki, ailənin H.Rəcəbovadan başqa bir oğlu var.

***

Dünən Abşeronda dəhşətli hadisə baş verib. 16 yaşlı qız xüsusi amansızlıqla qətlə yetirilib.

Hadisə Hökməli qəsəbəsində qeydə alınıb.

2006-cı il təvəllüdlü qız 26 yaşlı nişanlısı Murad Həsənovla şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı bıçaqlanıb. Hadisədən sonra xəstəxanaya aparılan 16 yaşlı qızın həyatını xilas etmək mümkün olmayıb.

Qətl baş verən ərazidə Baş Prokurorluğun kriminalist ekspertləri olublar. Müayinələr aparılıb, iş üçün əhəmiyyət kəsb edən sübutlar toplanılıb.

Qəsəbə sakinlərinin İTV-yə verdikləri məlumata görə, qətldə şübhəli bilinən şəxs Hökməlidən olsa da, Xırdalanda yaşayıb. Nişanlısı ilə görüşmək üçün qəsəbəyə gəlib. Əvvəlcə onu evlərinin yaxınlığındakı məscidin yanına söhbətə çağırıb. Söhbət zamanı 16 yaşlı qızı başqa bir oğlanla danışmaqda ittiham edərək mübahisə yaradıb. Bu zaman qız onun bu söhbətlərindən bezdiyini və nişanı geri qaytaracağını söyləyib.

Aralarında yaranan münaqişə nəticəsində oğlan bıçaqla ona bir neçə dəfə xəsarət yetirib. Bıçaq zərbələrindən biri yeniyetmənin boğaz nahiyəsinə vurulub. Yaralı yaxınları tərəfindən xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Həmin qız bir il yarım bundan əvvəl 14 yaşı olarkən nişanlanıb. Lakin toyları qızın 18 yaşı olacaqdan sonra baş tutacaqdı.

pia.az