Paşinyanın “Zəngəzur dəhlizi”nə alternativ təklifi... - Ermənistan və İran nə istəyir?

3 buraxılış məntəqəsi iqtisadi və geosiyasi cəhətdən “Zəngəzur dəhlizi”ni əvəz edə bilərmi?...

Sabiq xarici işlər naziri: “Ermənistanın baş nazirinin Ermənistan-Azərbaycan sərhədində 3 buraxılış məntəqəsinin açılması təklif açıq-aşkar göstərir ki, bu təzə bir mövqedir. Paşinyanın bu mövqeyi də üçtərəfli bəyanatdan fərqlənir”.

“Azərbaycanla Ermənistan arasındakı dövlət sərhədinin müəyyənləşdirilməsində İranın söz sahibi olmasına çalışması qəribədir. Çünki iki ölkə arasında sərhədlərin müəyyən edən Azərbaycan və Ermənistandır”.

Bu sözləri sabiq xarici işlər naziri Tofiq Zülfüqarlı Ermənistanın baş naziri Nikol Paşinyanın Zəngəzur dəhlizinə alternativ yeni təklifini PİA.az-a şərh edərkən qeyd edib.

Ermənistan Baş naziri Nikol Paşinyan uzun müddətdir ki, İrəvanın Azərbaycanın digər əraziləri ilə Naxçıvan arasında əlaqəni təmin etmək üçün Ermənistan-Azərbaycan sərhədində 3 buraxılış məntəqəsinin açılmasını təklif etdiyini deyir.

Bəs Paşinyan bu təklifi üçtərəfli bəyanatın şərtlərinə nə qədər uyğundur və bu 3 buraxılış məntəqəsi iqtisadi və geosiyasi cəhətdən Zəngəzur dəhlizini əvəz edə bilərmi? Digər tərəfdən “Zəngəzur dəhlizi” məsələsində İranla eyni cəbhədən çıxış edən Ermənistanın əsas hədəfləri nədən ibarətdir?

Mövzunu PİA.az-ın əməkdaşı sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarlı ilə müzakirə edib.

Tofiq Zülfüqarlı: “Zəngəzur məsələsində İranla eyni cəbhədən çıxış edən Ermənistanın hədəfləri çoxdur”.

İranın “Zəngəzur dəhlizi” ilə bağlı məntiqinin başa düşülən olmadığını vurğulayan sabiq nazir PİA.az-a bildirib ki, Azərbaycan və Ermənistan sovet xəritəsi əsasında aralarında sərhədin bərpa olunmasına qərar veriblər. Bu məsələnin də İrana heç bir aidiyyətı yoxdur:

“10 noyabr üçtərəfli bəyanatına görə “Zəngəzur dəhlizi”nə nəzarəti rus sülhməramlıları həyata keçirməlidir. Yəni Ermənistanın orada nəzarəti nəzərdə tutulmur. İndi isə Ermənistanın baş naziri Nikol Paşinyan təklif edir ki, həmin ərazilərdə həm ruslar, həm də ermənilər olsun. Paşinyan istəyir o ərazilərdə həm gömrük işçiləri, həm də sərhədçilər olsun. Ermənistanın baş nazirinin Ermənistan-Azərbaycan sərhədində 3 buraxılış məntəqəsinin açılması təklif açıq-aşkar göstərir ki, bu təzə bir mövqedir. Paşinyanın bu mövqeyi də üçtərəfli bəyanatdan fərqlənir.

Zəngəzur məsələsində İranla eyni cəbhədən çıxış edən Ermənistanın hədəfləri çoxdur. Hər şeydən əvvəl Paşinyan çalışır ki, “Zəngəzur dəhlizi” “Laçın dəhlizi” ilə eyni statusa sahib olmasın. Bu məsələ ilə bağlı Ermənistan tərəfindən müxtəlif fikirlər səslənir. Paşinyan da bir müddət əvvəl müxalifətin basqısı altında deyib ki, “Zəngəzur dəhlizi” olmayacaq. İndi də məcburən bu xətti davam etdirir. Digər tərəfdən Yeravanda hesab edirlər ki, “Zəngəzur dəhlizi”nə nəzarətin Rusiyada olması Ermənistanın suvernliyinə ziddir. Halbuki Rusiya Türkiyə və İran sərhədlərinə nəzarət edir. Bu anlamda da Yeravanın mövqeyi anlaşılan deyil.

Tofiq Zülfüqarlı: “İran öz daxili işinə baxsa və başqa ölkələrin də daxili işlərinə qarışmasa, yaxşı olar”.

Amma İranın “Zəngəzur dəhlizi” ilə bağlı məntiqi heç başa düşülən deyil. Çünki Azərbaycan və Ermənistan sovet xəritəsi əsasında aralarında sərhədin bərpa olunmasına qərar veriblər. Bu məsələnin də İrana heç bir aidiyyətı yoxdur.

Xatırladım ki, sovetlər vaxtında Azərbaycanla Ermənistan arasında müxtəlif inzibati sərhədlər olub və müxtəlif yerlərdən də keçib. Məsələn 20-ci ildə sərhəd ayrı yerdən, 29-cu ildə sərhəd fərqli bir yerdən, 70-ci illərdə də müxtəlif yerlərdən keçirdi. Yəni Azərbaycanla Ermənistan arasında inzibati sərhədlər davamlı olaarq dəyişikliyə məruz qalıb.

Digər tərəfdən də Azərbaycanla Ermənistan arasındakı dövlət sərhədinin müəyyənləşdirilməsində İranın söz sahibi olmasına çalışması qəribədir. Çünki iki ölkə arasında sərhədlərin müəyyən edən Azərbaycan və Ermənistandır. Üçüncü ölkə sərhəd məsələsində öz iddialarını nəyə görə irəli sürməlidir ki? Buna görə İran öz daxili işinə baxsa və başqa ölkələrin də daxili işlərinə qarışmasa, yaxşı olar. Çünki İranın Azərbaycansız və Ermənistansız da problemləri çoxdur”.

Nərminə UMUDLU pia.az