Füzuli rayonu Qarabağ iqtisadiyyatının formalaşmasına xüsusi töhvə verəcək

İki il öncə müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə müzəffər ordumuz Füzuli rayonunu işğaldan azad etdi...

Tək bu gün deyil, 44 günlük müharibənin hər günü xalqımızın arzusunda olduğu, xəyalını qurduğu çox şərəfli və qürurlu günlərdir. Biz xoşbəxt nəsilik ki, bu günlərin hər anını ordumuzla birlikdə işğaldan azad olunan rayonlarımızın sevincini yaşadıq, şahidi, iştirakçısı olduq.

İşğal müddətində Ermənistan ordusu digər yaşayış məskənlərimiz kimi Füzuli şəhərini və onun kəndlərini dağıdıb xarabalıqlara çevirib. Amma Füzuli şəhərində, o cümlədən işğaldan azad olunan bütün torpaqlarımızda bu gün böyük quruculuq işləri həyata keçirilir. Füzuli Hava Limanı çox qısa zamanda beynəlxalq standartlara uyğun qurulan çox uğurlu bir layihədir.

Füzuli şəhəri işğaldan əvvəlki şəhər ilə müqayisədə daha geniş əraziyə malik olacaq. Bildiyimiz kimi Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən Füzulidə ilk yaşayış məhəlləsinin əsası qoyuldu. 17,8 hektar ərazini əhatə edəcək yaşayış məhəlləsi mərhələli şəkildə tikilib istifadəyə veriləcək. Füzuli şəhəri yalnız çoxmərtəbəli binalardan ibarət olmayacaq. Şəhərdə az və ortamərtəbəli çoxmənzilli binalar da inşa ediləcək. Kifayət qədər böyük iqtisadi potensialı olan Füzuli rayonu Qarabağ iqtisadiyyatının formalaşmasına xüsusi töhvə verəcək.

Könül İsmayılova-Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi, MMP-nın Siyasi Şurasının və İdarə Heyətinin üzvü

pia.az