Şəhidliyinin ikinci ildönümündə Mehdi Məmmədov ziyarət edilib

Rayon rəhbəri Vətən müharibəsi şəhidi Məmmədov Mehdi Elçin oğlunun ikinci ildönümü ilə əlaqədar ailəsini ziyarət edib...

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev və YAP rayon Təşkilatının sədri Eldar Əsədov ilə birlikdə daha bir tərtərli şəhidin, rayonun Sarcalı kəndindən olan Məmmədov Mehdi Elçin oğlunun ikinci ildönümü ilə əlaqədar ailəsini ziyarət edib, ailə üzvlərinə başsağlığı verib, qayğıları ilə maraqlanıb. Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş, torpağı qanları ilə Vətənə çevirən şəhidlərimizin ruhuna dualar oxuyub.

PİA.az xəbər verir ki, Mehdi Məmmədov 1 fevral 2002-ci ildə Tərtər rayonunun Sarcalı kəndində anadan olub. 27 sentyabr 2020-ci il tarixdə başlanan 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərə qatılıb. Oktyabrın 13-də Ağdərə istiqamətlərində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Şəhidin ölüm xəbərini alan nişanlısı Mələk dəfn mərasimi başa çatmamış özünə qəsd edib, daha bir məhəbbət dastanı yazıb. Hər ikisi Sarcalı kəndində qoşa məzarda dəfn olunub.

Mehdi Məmmədov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Vətən uğrunda,” “Ağdamın azad olunmasına görə,” “Suqovuşanın azad olmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

Şəhidin anası şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Allah şəhidlərimizə rəhmət eləsin!

pia.az