Komando üzvü: “Hadrutda düşmənlə yaxın məsafədə vuruşurduq, qarşımızda aciz qalmışdılar”

“Vətən müharibəsində Xocavənd rayonunun Hadrut qəsəbəsinin azad edilməsi uğrunda gedən döyüşlərdə düşmənlə yaxın məsafədə vuruşurduq, qarşımızda aciz qalmışdılar”...

Bunu “Report”un Xocavəndə ezam olunmuş əməkdaşına açıqlamasında Müdafiə Nazirliyinin Quru Qoşunlarının (Komando) hərbi qulluqçusu Zaur Gülqasımov deyib.

O bildirib ki, sentyabrın 27-də Vətən müharibəsi başlayanda “N” saylı hərbi hissədən Cəbrayıl rayonu istiqamətinə yollanıb və orada döyüşlərə qatılıb:

“Düşməni məhv edə-edə irəlilədik. Yuxarı komandanlığın əmri ilə Füzuli rayonunun Qarakollu kəndindən Xocavənd rayonunun Hadrut qəsəbəsi istiqmətinə hərəkətə keçdik. Hadrutda ermənilərin xeyli sayda canlı qüvvəsi vardı. Biz oktyabrın 7-də bura digər qruplarla birgə daxil olanda düşmən təşvişə düşdü, həyacan siqnalı verildi, onlar pərən-pərən oldular. Hadrut qəsəbəsində ağır döyüşlərimiz oldu. Düşmənlə yaxın məsafədə vuruşurduq. Burada ermənilərin canlı qüvvəsini, texnikasını məhv etdik. Sağ qalan erməni hərbçi isə silah-sursatını qorxaqcasına atıb qaçırdı. Onlar bizim qarşımızda aciz qalmışdılar. Oktyabrın 9-da Hadrut qəsəbəsini düşməndən azad etdik”.

pia.az