Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal uğrunda yarışacaq

Azərbaycanın daha 2 cüdoçusu Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında mübarizəyə başlayıb...

"Report"un məlumatına görə, 73 kq-da yer alan Rüstəm Orucov və Hidayət Heydərov tatami üzərinə çıxıb.

Orucov ilk görüşündə braziliyalı Daniel Karqninə uduzaraq, mundialla vidalaşıb.

Mübarizəyə 1/16 finaldan qoşulan Heydərov isə ardıcıl olaraq belçikalı Abdul Malik Umayev və özbəkistanlı Şaxram Axadova qalib gələrək, yarımfinala adlayıb. O, finala gedən yolda rəqib italiyalı Manuel Lombardo ilə qarşılaşıb. Rəqibinə məğlub olan Heydərov həlledici görüşə vəsiqə şansını itirib.

Cüdoçu bürünc medal uğrunda təsəlliverici qarşılaşmada qüvvəsini sınayacaq. Onun rəqibi kanadalı Artur Margelidon olacaq.

Qeyd edək ki, Azərbaycan mundialda 11 cüdoçu ilə təmsil olunur. İlk iki yarış günündə Kəramət Hüseynov (60 kq), Orxan Səfərov, Yaşar Nəcəfov (hər ikisi 66 kq), Leyla Əliyeva (48 kq) və Gültac Məmmədəliyeva (52 kq) medal qazana bilməyib. Dünya çempionatı oktyabrın 13-də başa çatacaq.

pia.az