Niyə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü ikinci dəfə Alma-Ata Bəyannaməsi əsasında tanıdı?

Alma-Ata Bəyannaməsində ərazi bütövlüyünü və suverenliyini tanınması ilə yanaşı xalqların öz müqəddaratını təyinetmə prinsipi də yer alıb...

Siyasi-şərhçi: “Azərbaycan üçün indiki mərhələdə ən önəmli məsələ Ermənistanla sülh müqaviləsinin imzalanmasıdır. Çünki Ermənistanla sülh müqaviləsi Yeravanı münqaişənin tərəfi olmaqdan çıxaracaq”.

“Azərbaycan və Ermənistanın məhz Alma-Ata Bəyannaməsi üzərində qarşılıqlı olaraq ərazi bütövlüyünü və suverenliyini tanıması Qarabağdakı separatizmə yenidən hüquqi don geydirməyəcək”.

Bu sözləri siyasi-şərhçi Fərhad Məmmədov Azərbaycanla Ermənistan arasında imzalanan Alma-Ata Bəyannaməsini PİA.az şərh edərkən qeyd edib.

Dünən Makron və Mişelin vasitəçiliyi ilə Praqada Əliyev və Paşinyan arasında baş tutan görüşdən sonra Yelisey sarayının rəsmi saytında dərc edilmiş bəyanatda bildirilir ki, Ermənistan və Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və hər iki tərəfin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığı 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiqləyiblər.

Xatırladaq ki, Alma-Ata Bəyannaməsi 1991-ci ilin dekabrında MDB təsis olunarkən qəbul olunub. 11 sabiq SSRİ respublikasının imzaladığı Alma-Ata Bəyannaməsində ərazi bütövlüyünü və suverenliyini tanınması ilə yanaşı xalqların öz müqəddaratını təyinetmə prinsipi də yer alıb. Alma-Ata Bəyannaməsini Azərbaycan tərəfindən Ayaz Mütəllibov, Ermənistan tərəfindən isə Levon Ter-Petrosyan imzalayıb.

Bilirik ki, ermənilər BMT-nin nizamnaməsində də yer alan xalqların öz müqəddaratını təyinetmə prinsipindən yararlanaraq, milyonlarla insanın qaçqın olmasına, on minlərlə insanım ölümünə yol açan, iki müharibəyə səbəb olan separatist fəaliyyətlərinə hüquqi don geyindirilər.

Ermənistanın ikinci dəfə və yenidən Alma-Ata Bəyannaməsinə əsasən Azərbaycanın ərazi bütövlüyünü tanıması nədən xəbər verir? Azərbaycan və Ermənistanın məhz Alma-Ata Bəyannaməsi üzərində qarşılıqlı olaraq ərazi bütövlüyünü və suverenliyini tanıması Qarabağdakı separatizmə yenidən hüquqi don geydirməyəcəkmi və Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən məhz Alma-Ata Bəyannaməsi üzərində ikinci dəfə tanıması nəyi dəyişir?

Mövzunu PİA.az-ın əməkdaşı Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Fərhad Məmmədovla müzakirə edib.

Fərhad Məmmədov: “Alma-Ata Bəyannaməsi imzalanan vaxt Azərbaycan ərazisində Dağlıq Qrabağ Muxtar Vilayəti ləğv edilmişdi və de-yure yox idi. Buna görə də Ermənistan separatizmə haqq qazandıra bilməyəcək”.

Laçın şəhərinin azad olunmasıyla Azərbaycanın Xankəndinə nəzarəti də ələ aldığını vurğulayan ekspert PİA.az-a açıqlamasında qeyd edib ki, indi Qarabağda Azərbaycan tərəfi üçün tam strateji üstünlük yaranıb və Ermənistanın artıq Qarabağa əvvəlki kimi müdaxilə etməsi mümükn deyil:

“Azərbaycan və Ermənistanın məhz Alma-Ata Bəyannaməsi üzərində qarşılıqlı olaraq ərazi bütövlüyünü və suverenliyini tanıması Qarabağdakı separatizmə yenidən hüquqi don geydirməyəcək. Çünki Dağlıq Qarabağın muxtar vilayətinin ləğv edilməsi qərarı Alma-Ata Bəyannaməsindən öncə qəbul edilib. Hələ o vaxt, Alma-Ata Bəyannaməsi imzalanan zaman, Azərbaycan ərazisində Dağlıq Qrabağ Muxtar Vilayəti ləğv edilmişdi və de-yure yox idi. Buna görə də Ermənistan separatizmə haqq qazandıra bilməyəcək.

İkinci məqam isə odur ki, 44 günlük müharibədən sonra bölgədə vəziyyət tamamilə dəyişib. Əlbəttə, sülh prosesi dönəmində böyük dövlətlər Qarabağın erməni əhalisi ilə bağlı diqqətlərini artıracaqlar, onlara havadarlıq etçəyə çalışacaqlar. Hətta təxribat xarakterli hərəkətlər də həyata keçirə bilərlər. Bütün bunlar hamısı olub və yəqin ki, bir-biriləri ilə mübarizə aparan böyük dövlətlər yenə də qeyri-konstruktiv siyasətlərini davam etdirməyə çalışacaqlar.

Ona görə də Azərbaycan üçün indiki mərhələdə ən önəmli məsələ Ermənistanla sülh müqaviləsinin imzalanmasıdır. Çünki Ermənistanla sülh müqaviləsi Yeravanı münqaişənin tərəfi olmaqdan çıxaracaq və dünən Prezident İlham Əliyevin də dediyi kimi, məsələ Azərbaycan dövləti ilə erməni vətəndaşlar arasında öz həllini tapacaq. Bu zaman isə heç bir halda ermənilərin öz müqəddaratını təyin etmə haqqları gündəmə gələ bilməz. Ermənilər bütün Azərbaycan vətəndaşlarına verilən imtiyazlardan yararlanacaqlar.

Fərhad Məmmədov: “İnteqrasiya həm siyasi, həm iqtisadi, həm də sosial sahələri əhatə edəcək və bir müddət sonra Xankəndinin sosial infratrukturu da Azərbaycana bağlanacaq”.

Ermənistanın bu prosesdən çıxarılması həm də o deməkdir ki, artıq Ermənistan gizli yolla da olsa belə Qarabağda hərbi qüvvə saxlaya bilməyəcək və Qarabağdakı qanunsuz hərbi birləşmə tərksilah olunacaq. Eyni zamanda separatçıların maliyyələşməsi də kəsiləcək və Ermənistan öz büdcəsindən separatçılara vəsait ayırmaqdan məhrum olacaq.

Bundan sonra inteqrasiya mexanizmləri işə salınacaq. İşıq, qaz, su təminatı ilə bağlı Azərbaycan artıq konkret addımlar atmağa başlayacaq. Bunun üçün yaxın iki il ərzində Qarabağ İqtisadi Zonasında lazımi infrastruktur formalaşıb. Yəni azad olunan ərazilərə qaz, işıq, su təminatı tamamilə Azərbaycan tərəfindən həyata keçirilir. Ermənilərin yaşadığı ərazilərə isə hələ ki, bu təminat Ermənistan ərazisindən keçir. Hesab edirəm ki, inteqrasiya həm siyasi, həm iqtisadi, həm də sosial sahələri əhatə edəcək və bir müddət sonra Xankəndinin sosial infratrukturu da Azərbaycana bağlanacaq.

Burda xüsusi olaraq vurğulamaq istərdim ki, Laçın dəhlizinin yolunun dəyişməsi Qarabağda tamamilə fərqli bir şərait yaradıb. Azərbaycan alternativ yolu sürətlə tikdi və ermənilərdən qəti şəkildə tələb edildi ki, Laçın şəhərini tərk etsinlər. Laçın şəhərinin azad olunmasıyla biz Xankəndinin sosial infrastrukturuna nəzarəti də ələ almış olduq. Daha əvvəl biz Xankəndinə gedən qaz xəttinin ancaq bir neçə kilometrinə nəzarət edirdiksə, indi separistlərin Laçın şəhəri üzərindən keçən bütün infrastrukturuna tamamilə nəzarət edirik. Bu da Qarabağda Azərbaycan tərəfi üçün tam strateji üstünlük yaranıb və Ermənistanın artıq Qarabağa əvvəlki kimi müdaxilə etməsi mümükn deyil.

Fərhad Məmmədov: “Yaxşı haldır ki, Fransa və Avropa Birliyi də artıq münaqişənin həllini ancaq Qarabağdakı ermənilərin Azərbaycan vətəndaşı olmasında görüqrlər”.

Digər tərəfdən Azərbaycan prezidenti dünən maraqlı bir ifadə səsləndirdi. Prezident dedi ki, Qarabağın erməni əhalisi özü seçim edəcək. Onlar könüllü sürətdə Azərbaycan vətəndaşlığını qəbul edəcəklər, yaxud da oradan köçüb gedəcəklər. Bu da öz növbəsində Azərbaycanın inteqrasiyaya yanaşmasının göstəricidir.

Görünən odur ki, artıq Ermənistan höküməti də separatizmə dəstək vermələrinin artıq mümkünsüzlüyünü anlamaqdadırlar. Bu Paşinyanın və digər Ermənistan rəsmilərinin davranışlarında da özünü göstərir. Yaxşı haldır ki, Fransa və Avropa Birliyində də bunu anlayırlar və onlar da artıq münaqişənin həllini ancaq Qarabağdakı ermənilərin Azərbaycan vətəndaşı olmasında görürlər. Bu münaqişənin tək həll yoludur və istər Paris, istərsə də Brüssel bu yolu dəstəkləyirlər.

Ona görə də mən Alma-Ata Bəyannaməsində xalqların öz müqəddaratını təyin etmək prinsipinin olmasında heç bir problem görmürəm”.

Nərminə UMUDLU pia.az