Bakı və Yeravan noyabrda sülh sazişi imzalayacaqlar

Moskva artıq sülh sazişinin imzalanmasına xeyir-dua verib...

Azərbaycan və Ermənistan noyabrın birincio ongünlüyündə Brüsseldə sülh müqaviləsi imzalayacaqlar.

PİA.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə bu gün Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Cenevrədə əldə olunan razılıqlarla bağlı Avropa İttifaqının nümayəndələrini məlumatlandıracaq.

Erməni nəşri bildirir ki, Cənubi Qafqaz üzrə Avropa İttifaqının xüsusi nümayəndəsi Toyvo Klaar isə son dəfə Yeravanda olarkən Ermənistan rəsmilərinə oktyabrın sonuna qədər yekun sülh sazişinin son variantını razılaşdırmağı məsləhət görüb.

Rusiyanın imzalanacaq sülh sazişi ilə bağlı mövqeyinə gəlincə isə, “Past” iddia edir ki, Moskva artıq sülh sazişinin imzalanmasına xeyir-dua verib.

Qeyd edək ki, ötən həftə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Cenevrədə görüş keçirilib və bu görüşdə iki ölkə arasında imzalanacaq sülh müqaviləsi müzakirə edilib.

pia.az