Hafiz Hacıyev: “Qərbə inteqrasiya etməkdən başqa bizim yolumuz yoxdur”

“Prezidentin Bolqarıstan səfərini çox yüksək qiymətləndirirəm və bu səfərin hər dəqiqəsini izləmişəm”...

Bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Prezident İlham Əliyevin Bolqarıstan səfərini PİA.az-a şərh edərkən qeyd edib.

Partiya sədri bildirib ki, cənab Prezident yeganə insandır ki, həm daxildə, həm də xaricdə xalqı, dövləti üçün çalışır:

“Prezidentin Bolqarıstan səfərini çox yüksək qiymətləndirirəm və bu səfərin hər dəqiqəsini izləmişəm. Düşünürəm ki, Bolqarıstan səfəri cənab Prezidentin xarici siyasətində çox uğurlu addımdır. Cənab Prezident də görür ki, artıq Qərbə inteqrasiya etməkdən başqa bizim yolumuz yoxdur. Çünki biz demokratik dövlət və demokratik cəmiyyət qururuq. Əlbəttə, bunu da qəbul etməyən qüvvələr var.

Azərbaycanda 5-ci kalon çox güclüdür. Onlar hər vəchlə dövlət başçısına xəyanət edirlər. Cənab Prezident yeganə insandır ki, həm daxildə, həm də xaricdə xalqı, dövləti üçün çalışır. Amma Prezidentin ətrafında Ramiz Mehdiyevin kadrları və təyin etdiyi adamlar var. Hətta indiki parlamentə Ramiz Mehdiyevin parlamenti də demək olar. Bunların hamısı da cənab Prezidentə xəyanət edirlər və hər an dövlət çevrilişinə hazırlıq görürlər. Artıq 5-ci kalon xalqla dövlət arasında narazılıq dalğası yaradıblar”.

Hafiz Hacıyev onu da qeyd edib ki, 5-ci kalonun hakimiyyətdə qalan üzvləri Azərbaycanı uçuruma aparırlar. Bu da heç yaxşı hal deyil:

“Əlbəttə, cənab Prezidentin bağladığı müqavilələr, Qərblə, Avropa ilə qurduğu əlaqələr xarici siyasətdə önəmli məsələdir. Bütün bunları Prezident tək edir, amma biz onu dəstəkləməliyik. Müasir Müsavat Partiyası cənab Prezidentin xarici siyasətdə atdığı addımların hamısını dəstəkləyir. Partiyamız 110 min üzvü ilə birlikdə Prezidentə dəstək verir. Amma istərdik ki, daxildə də xalqın istəyini yerinə yetirən müəyyən addımlar atılsın. Biz inadkarlığı yol verməməliyik. Ölkədə sabitliyi qoruyub-saxlamaqdan ötrü müəyyən güzəştlərə də getməyi bacarmalıyıq. Neynəmək olar ki, 5-ci kalonun hakimiyyətdə qalan üzvləri Azərbaycanı uçuruma aparırlar. Bu da heç yaxşı hal deyil.

Azərbaycan Qarabağda öz suverenliyini tam təmin etmək üçün Avropanın bir neçə dairələri ilə ciddi işlər aparmalıdırlar. Amma 5-ci kalon çalışır ki, Azərbaycanı Rusiyanın vassalı etsinlər. Demək olar onlar buna qismən nail olublar. 5-ci kalonun istəyinin tam yerinə yetməməsi üçün Qərbə inteqrasiya davam etdirilməlidir. Prezident də təcili olaraq ətrafındakı xəyanətkarları təmizləməlidir”.

Nərminə UMUDLU pia.az