“Rusiyanın yeni ilhaq qərarını Azərbaycanın tanıyacağına inanmıram” - Hafiz Hacıyev

Moskva faktiki olaraq Ukraynanın 4 vilayətini qanunsuz ilhaq etdi...

Müasir Müsavat Partiyasının sədri: “Putin indi o torpaqları aldım və kim o torpaqlara atəş açsa, qarşında bizi görəcək fikri ilə yaşayır. Amma Ukrayna müharibəsində Putin tam uduzub”.

“Sadəcə olaraq Putini ətrafı aldatdı. Ətrafı Putinə yalandan vədlər və məlumatlar verdi”.

Bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Rusiyanın son ilhaq qərarını PİA.az-a şərh edərkən qeyd edib.

Kreml Sarayında Ukraynanın 4 vilayətinin Rusiyaya ilhaqı ilə bağlı sazişlərin imzalanması mərasimi olub. Bununla da rəsmi Moskva faktiki olaraq Ukraynanın vilayətlərini - Donetsk, Luqansk, Zaporojye və Xersonu qanunsuz ilhaq etdi. Rusiyanın Ukraynanın 4 vilayətinin ilhaq etməsi bir sualı aktuallaşdırır: Azərbaycan bu qərarı tanıyacaqmı?

Mövzunu PİA.az-ın əməkdaşı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ilə müzakirə edib.

Hafiz Hacıyev: “Putin Ukrayna müharibəsində uduzduğunu dərk edərək bu oyuna əl atıb”.

Putinin ölkədə qismən səfərbərlik elan etməsindən sonra yaranan vəziyyətin göz qabağında olduğunu vurğulayan partiya sədri əlavə edib ki, Rusiyada heç kəs orduya getmək istəmir:

“Rusiyanın yeni ilhaq qərarını Azərbaycanın tanıyacağına inanmıram. Ümumiyyətlə Rusiyanın Ukraynanın 4 vilayətini ilhaq etməsi dünyada qəbul olunan məsələ deyil. Kreml başqa ölkənin ərazisinə girərək orada insanları öldürüb, indi də həmin əraziləri ilhaq edir.

Putin indi o torpaqları aldım və kim o torpaqlara atəş açsa, qarşında bizi görəcək fikri ilə yaşayır. Amma Ukrayna müharibəsində Putin tam uduzub. Buna görə də indi o bu cür ilhaq oyunlarına əl atır. Dünya dövlətləri də Kremlin bu oyununu çox yaxşı anlayır. ABŞ prezidenti Co Bayden də Putinin ilhaq oyunu haqqında öz fikirlərini bildirdi.

Artıq Rusiyanın bir çıxış yolu var. O da Putinin istefa verməsidir, ya da onun istefaya göndərilməsidir. Rusiya Putindən canını qurtarmalıdır. Çünki onun boş vədləri heç vaxt yerinə yetirilməyəcək. Putin Ukrayna müharibəsində uduzduğunu dərk edərək bu oyuna əl atıb. Rusiya prezidenti vəziyyətdən çıxış yolu axtarır, amma tapa bilmir. Ən yaxşı yolu mən Putinin istefaya getməsində görürəm.

Hafiz Hacıyev: “Ətrafı Putini aldatdı. Buna görə Allah dövlət başçılarını öz ətraflarından qorusun”.

Putinin ölkədə qismən səfərbərlik elan etməsindən sonra yaranan vəziyyət göz qabağındadır. Rusiyada heç kəs orduya getmək istəmir. Daha doğrusu heç kəs Ukraynaya qarşı döyüşmək istəmir. Zorla orduya aparılanlar da Ukrayna ordusuna əsir düşürlər. Rusiya xalqı vuruşmaq istəmir.

Sadəcə olaraq Putini ətrafı aldatdı. Ətrafı Putinə yalandan vədlər və məlumatlar verdi. Putinə dedilər ki, o müharibəyə başlayan kimi Kiyevdə onu gül-çiçəklə qarşılayacaqlar. Amma belə olmayacağı əvvəlcədən bəlli idi. Ətrafı Putini aldatdı. Buna görə Allah dövlət başçılarını öz ətraflarından qorusun. Mən bunu bütün dövlət başçılarına arzu edirəm.

Azərbaycanda da cənab Prezident İlham Əliyevə ətrafındakılar yalan məlumatlar verir və ölkədə böyük qarışıqlıqlar yaradırlar. Bunun nəticəsi necə olacaq, hələ biz bunu düşünə bilmirik”.

Nərminə UMUDLU pia.az