BMT-dən Ukraynada keçirilən "referendumlar"la bağlı açıqlama

Rusiya qətnaməyə veto qoysa, ABŞ qətnaməni BMT Baş Assambleyasına çıxaracaq...

BMT Rusiyanın işğal etdiyi Ukrayna ərazilərini ilhaq etmək üçün keçirdiyi referendumların “qanunsuz” olduğunu bəyan edib.

Yeniavaz.com xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin siyasi məsələlər üzrə köməkçisi Rozmari Dikarlo bildirib ki, Ukraynada rusiyayönlü separatçıların nəzarəti altında olan ərazilərdə keçirilən referendumlar beynəlxalq hüquqa uyğun olaraq keçirilmir və xalqın iradəsinin həqiqi ifadəsi deyil.

"Bir dövlətin başqa bir dövlətin ərazisini zorla ələ keçirmə cəhdini qanuniləşdirmək məqsədi daşıyan, həmçinin xalqın iradəsini təmsil etmək iddiası ilə bu cür hərəkətlər etməsi beynəlxalq hüquq baxımından qanuni olaraq qəbul edilə bilməz", - Dikarlo BMT Təhlükəsizlik Şurasında verdiyi açıqlamada qeyd edib.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas Qrinfild bəyan edib ki, referendumu pisləyən qətnamə layihəsini BMT Təhlükəsizlik Şurasına təqdim edəcək. Tomas Qrinfild bildirib ki, Rusiya qətnaməyə veto qoysa, ABŞ qətnaməni BMT Baş Assambleyasına çıxaracaq.

Qeyd edək ki, Ukraynada rusiyapərəst separatçıların nəzarəti altında olan qondarma Donetsk və Luqansk Xalq Respublikalarında, Rusiya ordusunun ələ keçirdiyi Xerson və Zaporojya vilayətlərində keçirilən referendumlarda “Rusiya ilə birləşmə” qərarı verilib. Seçicilərin 98-i Rusiyaya birləşməyə "səs verib".

pia.az