İctimai nəqliyyatda qiymət artırılacaq? - “İlin sonuna qədər...”

Bakıda və ətraf qəsəbələrdə fəaliyyət göstərən sərnişindaşıma şirkətləri İqtisadiyyat Nazirliyinə kollektiv müraciət ünvanlayaraq tariflərə baxılmasını, dövlətin ictimai nəqliyyata dəstək verməsi yollarının nəzərdən keçirilməsini xahiş ediblər. Onların bu müraciəti ictimai nəqliyyatda qiymətlərin artırılacağı ilə bağlı narahatlığın yaranmasına səbəb olub. Bəs görəsən ictimai nəqliyyatda tariflərin yüksəldilməsi məsələsi gündəmdədir?

Nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, sərnişindaşımadakı özəl şirkətlər qiymətlərin qaldırılmasını israr etmirlər, sadəcə olaraq subsidiyaların ayrılmasını istəyirlər: “Onlara dəyən zərərin aradan qaldırılması üçün müraciət ediblər. Qiymətlərin artırılması məsələsi orada qabarıq bir formada və hər hansısa cümlə ilə əks olunmayıb. Hesab edirəm ki, qiymətlərin artırılması çıxış yolu deyil. İctimai nəqliyyatda vəziyyəti yaxşılaşdırmaq üçün xidmətin keyfiyyətini yükslətmək lazımdır. Bu halda vətəndaşlar ictimai nəqliyyata daha çox həvəs göstərəcəklər. Əslində həvəs var, sadəcə ictimai nəqliyyat bu gün o qədər də əlçatan olmadığından müəyyən problemlər yaşanır. Məsələn, ictimai nəqliyyatda avtobusların sayının az, intervalların isə çox olması, Bakıkarta yükləmələr üçün dayanacaqlara qoyulan terminallarn yığışdırılması, sərnişinlərin avtobuları saatlarla gözləməyə məcbur qalması ictimai nəqliyyatı vətəndaş üçün cəlbedicilikdən uzaqlaşdırır”.

Ekspertin sözlərinə görə, dövlət özü də subsidiyaların verilməsini təmin edir: “Elə özəl daşıyıcı şirkətlərin açıqlamasında da bunu hiss etmək mümkündür. Sadəcə yaxşı olar ki, qiymətləri yüksəltməkdənsə, subsidiyaları davamlı şəkildə versinlər. Yəni dizel subsidiyaları şəkilində yox, nəğd pul formasında ödənişlər təmin edilsin. Onların müraciətlərində bunu istədikləri aydın görünür. Bu gün Azərbaycan hökuməti sosialyönümlü siyasət yürüdür. Vətəndaşların sosial rifahının yüksəldilməsi ilə bağlı bir çox proqramlar həyata keçirilir. Ən azından ilin sonuna qədər ictimai nəqliyyatda qiymət artımının olacağını gözləmirəm”.(Konkret.az)

pia.az