Səmərqənddə Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub - Yenilənib

Danışıqlar Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi fonunda baş tutub...

Sentyabrın 16-da Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü olub.

"Report" xəbər verir ki, görüşdə çıxış edən Rusiya Prezidenti Vladimir Putin deyib:

-Hörmətli İlham Heydər oğlu, Sizi bu dəfə Şanxay Əməkdaşlıq Təşkilatı məkanında, bu təşkilatın Sammitində görməyə çox şadam.

Bu gün biz həm təşkilatın özünün işi, həm də ikitərəfli münasibətlər, regionda vəziyyət barədə artıq dəfələrlə söhbət etmişik, fikir mübadiləsi aparmışıq.

İkitərəfli münasibətlərə gəldikdə, onlar inkişaf edir, çox uğurla inkişaf edir, şübhəsiz, bunu qeyd etmək lazımdır. Ticarətin, investisiyaların həcmi artır, müxtəlif nazirliklər, idarələr, parlamentlər xətti ilə əməkdaşlıq həyata keçirilir.

Lakin, əlbəttə, Ermənistan-Azərbaycan sərhədində vəziyyətin kəskinləşməsi bu gün hamımızı çox narahat edir. Biz Sizinlə bu barədə danışmışıq. Mən dünən gecə danışdım. Siz bunu bilirsiniz, mən bu barədə Sizi və Ermənistanın baş naziri Nikol Paşinyanı məlumatlandırmışam. Yaxşı ki, əlaqələndirilmiş səylərimiz sayəsində hər halda eskalasiyanı dayandırmaq mümkün olub, lakin mən belə başa düşürəm ki, hər halda vəziyyət gərgin olaraq qalır.

Sizinlə görüşmək, bütün bu məsələlər barədə söhbət etmək imkanına görə çox şadam, çünki onların hamısı vacibdir.

***

Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev arasında ikitərəfli görüş keçirilir.

Danışıqlar Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi fonunda baş tutub.

Görüş zamanı Rusiya dövlət başçısı ölkəsilə Azərbaycan arasında münasibətlərin çox uğurla inkişaf etdiyini bildirib.

pia.az