“Putinə demək lazımdır ki, rəis alınmadı?” - Hərbi-ekspert

Rusiya Ukraynaya qarşı apardığı müharibədə artıq öz arsenalında olan raketlərin 70%-dən çoxunu artıq istifadə edib...

Üzeyir Cəfərli: “Son 3 gün ərzində azad oluanan ərazilər üçün Rusiya aylarla vuruşmuş və ağır canlı və texniki itkilər vermişdi. Bu itkilərin qarşısında cəmi 2-3 gün ərzinə həmin əraziləri itirməsi, Rusiya ordusunun psixoloji vəziyyətindən xəbər verir. Bu ordu artıq döyüş qabiliyyətini itirib”.

“Rusiya artıq ən müasir silah sisteminin 72-75 faizini istifadə edib. Bu gün Rusiya var gücü ilə çalışır ki, vəziyyətdən çıxış yolu tapsın. Amma tapa bilmir və tapa da bilməyəcək”.

Bu sözləri hərbi-ekspert Üzeyir Cəfərli Ukrayna-Rusiya müharibəsindəki son vəziyyəti PİA.az-a şərh edərkən qeyd edib.

Bütün müharibələr kimi Ukrayna ilə Rusiya arasındakı müharibənin də sonu olacaq. Yüz minlərlə insanı ev-eşiyindən edən, öldürən bu qanlı hadisələrin necə yekunlaşacağı indi hər kəsi düşündürür. Müharibədən kim qalib çıxacaq - bütün dünyanın üz döndərdiyi Rusiya, yaxud Ukrayna? Əksəriyyət proqnoz verməyin çətin olduğunu desə də, bəzi təxminlər var.

Əslində bu müharibənin faktiki qalibi Ukranadır və Kiyev bu qələbəni müharibənin ilk günlərində Rusiya ordusunun ağır təcavüzünə davam gətirərək qazanmışdı. Rusiya ordusu Kiyev ətrafından geri çəkilirkən, artıq Putinin strateji cəhətdən uduzduğu ortaya çıxdı. Bundan sonra isə Rusiya Ukraynanın şərqində və cənubunda möhkəmlənməyə çalışaraq taktiki qalibiyyətə can atdı ki, gələcəkdə prosesi donduraraq qalibiyyətini elan etsin. Lakin Ukrayna ordusunun sentyabrın ilk günlərindən başlayan əks-hücumu onu deməyə əsas verir ki, Moskva artıq taktiki qələbəyə də nail ola bilməyəcək və hər şey sürətlə Rusiyanı ağır məğlubiyyətə sürükləməkdədir.

Lakin Rusiya üçün faciəvi olan təkcə başlatdığı müharibədən qalib ayrıla bilməməsi deyil. Əsas faciə Rusiyanın digər dövlətlər qarşısında faktiki olaraq öz müdafiəq qüdrətini itirməsidir və bu əslində Moskvanın ağır geosiyasi məğlubiyyətinə aparacaq.

Qərb və Ukrayna mənbələrinin iddialarına görə Rusiya Ukraynaya qarşı apardığı müharibədə öz arsenalında olan raketlərin 70%-dən çoxunu artıq istifadə edib. Altı aylıq müharibədən sonra Rusiyanın müdafiə qüdrətini necə dəyərləndirmək olar və bu müharibədən sonra Rusiya müdafiə sistemi çökən bir ölkəyə çevrilə bilərmi?

Ümumiyyətlə Ukrayna müharibəsində Rusiyanın müdafiə qüdrəti digər ölkələr qarşısında nə qədər zəifləyib?

Rusiyanın indiki müdafiə qüdrətini PİA.az-ın əməkdaşı hərbi-ekspert Üzeyir Cəfərli ilə müzakirə edib.

Üzeyir Cəfərli: “Rusiya ordusunun məğlubiyyəti və Rusiya dövlətinin çöküşü artıq qaçılmazdır”.

Ukrayna ordusunun soyuq düşənə qədər, yəni bu ayın axırı, gələn aya qədər xeyli ərazisini işğaldan azad edəcəyini proqnoz edən ekspert bildirib ki, artıq 2014-cü ildə işğal olunan ərazilərin də bir hissəsini Ukrayna ordusu azad etməyə başlayıb:

“Artıq müharibənin yeddinci ayıdır. Bu müddət ərzində Rusiya silahlı qüvvələri hər mənada, həm mənəvi, həm də maddi cəhətdən çox zəifləyib. Mənəvi cəhətdən ona görə zəifləyib ki, özünü indiyə qədər dünyanın ikinci ordusu sayan Rusiya ordusu Ukraynada çox böyük itkilər verir. Rusiya ordusunda real döyüş aparmaq imkanında olan şəxsi heyətin demək olar ki, üçdə ikisi itirilib. Yəni ölənlər və yaradanları bir yerdə götürəndə belə demək olar. Onların artıq döyüşmək imkanları yoxdur.

Yerdə qalan rus ordusu da son günlərdə dəhşətli, ağır zərbələr almaqdadırlar. Təkcə 2 gün ərzində 3 min kvadrat kilometr ərazinin Ukrayna ordusu tərəfindən geriyə qaytarılması onu deməyə əsas verir ki, Rusiya ordusu tam şəkildə demorelizə vəziyyətdədir. Bu gözlənilən idi. Çünki fiziki cəhətdən yeddi ay müharibə aparmaq heç də asan məsələ deyil. Rusiya bu bataqlığa girdi və seçimini özü etdi. Buna görə də baş verənlərlə barışmalıdır.

Onu da qeyd edim ki, son 3 gün ərzində azad oluanan ərazilər üçün Rusiya aylarla vuruşmuş və ağır canlı və texniki itkilər vermişdi. Bu itkilərin qarşısında cəmi 2-3 gün ərzinə həmin əraziləri itirməsi, Rusiya ordusunun psixoloji vəziyyətindən xəbər verir. Bu ordu artıq döyüş qabiliyyətini itirib.

Ukraynadakı müharibədə Rusiya artıq ən müasir silah sisteminin 72-75 faizini istifadə edib. Bu gün Rusiya var gücü ilə çalışır ki, vəziyyətdən çıxış yolu tapsın. Amma tapa bilmir və tapa da bilməyəcək.

Rusiyanın axmaq təbliğatçıları televiziyalarda və radiolarda deyirlər ki, hələ biz başlamamışıq. Rusiya ordusu məhv edilib, silah-sursat ehtiyyatı tükənib, bunlar isə deyirlər ki, biz hələ başlamamışıq. Əslində o söz Putinə aiddir. Adama deyərlər necə başlayacaqsan? Xarkov vilayəti, aparıcı şəhərlər Rusiyanın əlində idi. Amma iki gününiçində o əraziləri itirdi. Ən dəhşətlisi odur ki, ruslar öz yalanlarına özləri deyib, özləri də inanırlar.

Üzeyir Cəfərli: “Çeçenistanın rəhbəri Ramazan Kadırov da artıq dilə gəlib deyir ki, Rusiya generalları müharibəni düzgün aparmırlar”.

Bu gün sentyabrın 12-dir. Bəs nə oldu ruslar sentyabrın 11-də referendum keçirib nəyisə harasa birləşdirəcəkdirlər? Putinə demək lazımdır ki, rəis alınmadı?

Rusiyada heç nə alınmayacaq. Çünki onlar müharibə aparmırlar. Yəni müharibəni belə aparmırlar. Dünən müharibə deyil, terrorla məşğul olan ruslar Ukraynanın enerji infrastrukturları olan obyektləri vurdular. Bu müharibə cinayətidir.

Rusiya insanlıqdan çıxıb. Bu gün rus əsgərlərinin hər şeyi qoyub qaçması, komandirlərin əsgərləri atıb qaçması, müharibənin yeddinci ayında minlərlə rus əsgərinin Ukrayna ordusuna təslim olması hər şeyi göstərir. ABŞ və Qərbdən Ukraynaya verilən müasir silahlar faktiki olaraq Rusiya ordusunun belini qırdı. Artıq Rusiyanın mərkəzi verlişində etiraf edirlər ki, Ukraynada Ukrayna ordusu deyil, NATO onlara qarşı döyüşür. Dünənə qədər NATO söhbəti yox idi. İndi məğlubiyyətin bir addımlığında olanda NATO-dan danışırlar.

Üzeyir Cəfərli: “Rusiya ordusunda real döyüş aparmaq imkanında olan şəxsi heyyətin demək olar ki, üçdə ikisi itirilib”.

Ukrayna ordusu soyuq düşənə qədər, yəni bu ayın axırı, gələn aya qədər xeyli ərazisini işğaldan azad edəcək. Artıq 2014-cü ildə işğal olunan ərazilərin də bir hissəsini Ukrayna ordusu azad etməyə başlayıb. Bu gün Rusiyanın müdafiə naziri Sergey Şoyqu göstəriş verib ki, əsgər və zabitlər Belqrad şəhərinə çəkilsinlər. Bunun da adını taktiki manevr qoyublar. Bu necə taktikadır ki, Ukrayna üzərinə işğalçı adı ilə getmişdin, indi də Rusiya ərazisinə qaçırsan.

Rusiya ordusunun məğlubiyyəti və Rusiya dövlətinin çöküşü artıq qaçılmazdır. Çeçenistanın rəhbəri Ramazan Kadırov da artıq dilə gəlib deyir ki, Rusiya generalları müharibəni düzgün aparmırlar. Buna görə də o, Putinlə görüşüb bəzi məsələləri onun diqqətini çatdırmaq istəyir. Rusiyanın ağır günləri bundan sonra başlayacaq. Çünki Rusiya Ukrayna ilə müharibədən müdafiə qüdrətini tamamilə itirmiş şəkildə çıxacaq ki, Moskvanın öz müdafiə qüdrətini bərpa etməsi üçün on illər lazım olacaq”.

Nərminə UMUDLU pia.az