Təhsilimizin “şaftalı dövrü” və ya “bar verməyən ağacları”

Hazırkı elm və təhsil naziri Emin Əmrullayev təhsildəki problemləri aradan qaldırmaqda qətiyyətli görünür, nəsə etməyə çalışır, amma...

Azərbaycan dövləti təhsilin inkişafını hər zaman prioritet vəzifə kimi qarşıya qoyub. Misir Mərdanov təhsil naziri olduğu dövrdə dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğını təhsil sahəsində çalışan yaxınlarına və dost- tanışlarına göstərilmiş kimi “anladı” və işini məhz belə qurdu. Onun nazir olduğu dövrdə təhsilimizin başına elə oyunlar açıldı ki, hələ də bu sahə özünə gələ bilmir. Doğrudur, Misir Mərdanovdan sonra onu əvəzləyən hazırkı iqtisadiyyat naziri Mikayıl Cabbarov bir sıra mütərəqqi addımlar atmaqla təhsilimizi dirçəltməyə çalışdı.

Amma ondan sonrakı kadrlar Mikayıl Cabbarovun həyata keçirməyə başladığı islahatları başa çatdıra bilmədi. Hazırkı elm və təhsil naziri Emin Əmrullayev təhsildəki problemləri aradan qaldırmaqda qətiyyətli görünür, nəsə etməyə çalışır, amma...

Təhsilimizin vacib problemlərini bir kənara qoyub müəllimləri hərf səhvləri ilə imtahan etməklə bu sahədəki nöqsanları aradan qaldıracağını düşünənlər yanılırlar. Düzdür, müəllimlərin diaqnostik qiymətləndirilməsinin əleyhinə deyilik, amma bu imtahanlarda heç kimə lazım olmayan suallar düşəcəksə, o zaman bu imtahanlar nəyə lazımdır?

Məsələn, mən üzümü Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutuna tutub sual edirəm. “Anbar” sözü “ambar”, “pambıq” sözü “panbıq” (bəzən necə yazıldığını mən də qarışdırıram) kimi yazılsa, hansı beynəlxalq faciə baş verə bilər? Hansı əsasla bu sözlərin biri “n”, digəri “m” hərfi ilə yazılır? Əgər bu suallara Dilçilik İnstitutu tutarlı cavab versə, adımı dəyişdirərəm. Niyə? Çünki Ə.Dəmirçizadə və M.Şirəliyevdən sonra Ağamusa Axundov kimi alimlər rus dilinin bütün qayda- qanunlarını dilimizə soxuşdurub dilimizi bərbad günə qoydular. Biz hələ də bir millət, xalq olaraq bunun ağrısını çəkirik. O ağrının nəticəsidir ki, hələ də bizim imtahanlarda hərf səhvi ilə paronim yaratmayacaq sözlərin düzgün yazılışı qaydası hamının probleminə çevrilib, hətta AMEA-nın da.

Məsələn, Dilçilik İnstitutu alimlərinin çoxundan Apellyasiya Məhkəməsi sözündə bir “l”, yoxsa iki “l “ hərfindən istifadə etmək lazım olduğunu soruşsan, buna tutarlı cavab verə bilməyəcəklər. Çünki bunu öyrənmək və yadda saxlamaq o qədər də vacib deyil. Elə müəllimlərin “şaftalı” sözünün necə yazılmasını yadda saxlaması kimi.

Bu günlərdə elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında deyib ki, müəllimlərin sertifikasiya imtahanında bəzi müəllimlər “şaftalı” sözünü “şafdalı” kimi yazıb. Bəs bunu bilməmək müəllimlərin savad ölçüsü kimi götürülə bilərmi? Əlbəttə ki, bilmələri daha yaxşı olardı, ancaq bunu bilməməyə görə müəllimləri tənqid etmək də yaxşı hal deyil. Çünki müəllimlərin bilməsi daha vacib olan yeni innovasiyalar var.

Azərbaycan dilinin orfoqrafiya lüğətində elə sözlər var ki, onlardan on söz seçib bəzi alimlərə və yüksək vəzifə daşıyan məmurlara versək, onlar da o sözlərin düzgün yazılış qaydasını tapa bilməyəcəklər. Bu zaman biz çıxıb elan edə bilərəkmi ki, filankəs yaxşı alim, yaxud yerində olan məmur deyil. Qəti olaraq yox. Çünki dilimizdə elə sözlər var ki, bəzən dilçi alimlər belə, o sözlərin necə yazılışını qatıb-qarışdırırlar. Deməli, “şaftalı” sözünün düzgün yazılışını bilmək hər hansı bir müəllimin savadlı və ya savadsız olmasını göstərən etalon kimi götürülə bilməz.

Müəllimə kompüterin axtarış düyməsi kimi yanaşmaq bir elm və təhsil naziri üçün çox uğursuz müqayisədir. Ola bilər ki, müəllim “şaftalı” sözünü düzgün yaza bilməsin, amma şagirdi öyrətmək bacarığı o qədər yüksək olar ki, onun “şaftalı” sözünü düzgün yazıb-yazmadığı heç nəyi dəyişməz. Yəni əslində müəllimin əsas vəzifəsi öyrədən olmasıdır. Elmi, təhsili uşağa sevdirə bilməyən müəllimin bilikləri ən güclü kompüter səviyyəsində olsa belə, heç nəyə yaramadığı kimi, “şaftalı” sözünü yaza bilməməsi də necə öyrədən olmasını müəyyən edə bilməz!

Əgər müəllimləri tənqid ediriksə, əvvəlcə bəzi suallara cavab verməliyik. Məsələn, Emin Əmrullayev nazir olduğu vaxt universitetə qəbul zamanı uğur qazanan və qazanmayan məktəblərdə bu uğurların və ya uğursuzluqların səbəbi araşdırılıbmı? Emin Əmrullayev nazir olduqdan sonra repetitor hazırlığı prosesinə son qoyulubmu? Müəllimlərin sosial problemləri həll edilib? Müəllimlik yenidən niyə müqəddəs peşəyə çevrilə bilmir? Misir Mərdanovun məhv etdiyi təhsil sistemini yenidən qurmaq prosesi niyə gecikir?

Əvvəlcə bu suallara cavab tapaq, sonra vaxt qalsa, hərf səhvləri ilə məşğul olarıq.

Təhsilimizi bu bataqlıqdan çıxara bilmək üçün bir vətəndaş kimi bəzi təkliflərimiz var. Əgər Elm və Təhsil Nazirliyi gələcəkdə bunları yerinə yetirə biləcəksə, söz verirəm, o zaman çıxıb deyəcəyəm ki, “şaftalı” sözünü “şafdalı” yazan müəllimlər savadsızdır, nazirimiz yerdən göyə qədər haqlıdır.

1. Müəllim olmaq üçün müxtəlif səpkili imtahanların sayı çox olmalı, amma imtahandan üzüağ çıxıb, müəllim adını qazanan şəxslərə ən azından 2000 manat əməkhaqqı verilməlidir.

2. Müəllimlər nəqliyyatdan pulsuz istifadə etməli, ildə bir dəfə istirahət mərkəzlərindən birinə pulsuz göndəriş almalıdır.

3. Gənc müəllimlərin evlə təminatı məsələsi öz həllini tapmalıdır.

4. 9-11-ci siniflərdə dərs deyən müəllimlər lisey, kollec və universitetlərə qəbulda qazandıqları nəticələrə uyğun olaraq mükafatlandırılmalıdır.

5. Məktəb direktorları və təhsil şöbəsinin müdirləri müəllimlər tərəfindən seçilməlidir.

6. Peşəkar müəllimlərin fəaliyyəti geniş auditoriyada təbliğ edilməli və müəllimlər bacarıqlarına görə qiymətləndirilməlidir. (Nazirlik tərəfindən hansısa vəzifəlinin qohumu olduğuna görə əməkdar müəllim adı alan şəxslərdən söhbət getmir).

7. Təhsildə şəffaflığın artırılması ilə bağlı QHT-lərin fəaliyyəti genişləndirilməli, yeni ideyaların reallaşdırılması istiqamətində əhəmiyyətli addımlar atılmalıdır.

Bu siyahını daha da geişləndirə bilərik. Bir sözlə, əvvəlcə təhsildəki problemlər aradan qaldırılmalı, müəllim nüfuzu bərpa edilməlidir. Bundan sonra təhsilimizin “şaftalı” dövrünə keçid edə bilərik.

Elmar Hüseynov(tns)

pia.az