Ukrayna ordusunun əks həmlələri... - Rusiya bu həmlələr qarşısında dayana biləcək?

Xarkov istiqamətində Ukrayna ordusunun uğurları artıq diqqət cəlb edir...
Hərbi-ekspert: Rusiyanın müdafiəsində kifayət qədər ciddi boşluqlar var. Bu boşluqların doldurulması, aradan qaldırılması üçün Rusiyanın real vəziyyətə uyğunlaşmasında kifayət qədər ciddi problemlər müşahidə olunur”. “Əgər yaxın perspektivdə düşmənin müdafiəsinin yarıldığı əsas zərbə istiqamətlərində arteriya, PUA və hava hücumlarından müdafiə sistemlərinin cəmləşdirilməsi təmin olunarsa, onların yaxın və orta məsafədə qoşunlarının qorunması təmin olunarsa, bu zaman Rusiyanın müdafiəsində daha ciddi boşluqlar yarana bilər”.

Bu sözləri hərbi-ekspert Ədalət Verdiyev Ukrayna ordusunun Rusiya ordusuna qarşı həyata keçirdiyi əks həmlələrinin nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Ukrayna bütün cəbhə boyu Rusiya ordusuna qarşı əks həmlələrini davam etdirir. Ukrayna ordusunun əks hücumları barədə ölkənin başçısı Zelenski məlumat verib. O qeyd edib ki, Ukrayna qoşunlarının diqqəti təkcə Xerson vilayətində hücuma yönəlməyib. Müdafiəçilərin əks-hücum fəaliyyəti üçün bir çox istiqamətlər var. Həmçinin Zelenski bildirib ki, heç bir hərbi əməliyyatın təfərrüatları barədə danışa bilməz. Dövlət başçısı qeyd edib ki, olduqca ağır müharibə gedir, lakin o, Ukraynanın öz ərazilərini geri qaytaracağına əmindir.

Zelenski onu da qeyd edib ki, son iki gün ərzində 30 yaşayış məntəqəsi azad edilib. Ukrayna teleqram kanalları isə USQ-nin artıq İzüm şəhərinə daxil olduğunu yazırlar. Kupyansk şəhərinin isə artıq ələ keçirildiyi bildirilir. Ən son məlumatlara görə İzüm şəhərinin də ələ keçirilməsi ilə bağlı xəbərlər yayılmaqdadır.

Xatırladaq ki, bu həmlələr hələ ki, geniş miqyası əks-hücum kimi dəyərləndiriməsə də, Ukrayna ordusunun uğurları da artıq diqqət cəlb edir. Hazırda Rusiya ordusunun Ukraynadakı taktikasını necə dəyərləndirmək olar və Rusiya ordusu Ukraynanın hücumları qarşısında müdafiə oluna biləcək?

Rusiya-Ukrayna müharibəsindəki son taktikanı PİA.az-ın əməkdaşı hərbi-ekspert Ədalət Verdiyev ilə müzakirə edib.

Ədalət Verdiyev: “Hücumların daha geniş miqyas alması üçün irəliləyən qoşunların həm arteriya və pilotsuz vasitələrlə dəstəyi, həm də düşmənin hava hücum vasitələrindən mühafizəsi vacibdir”.

Hazırda Rusiyanın müdafiəsində kifayət qədər ciddi boşluqların olduğunu nəzərə çatdıran ekspert PİA.az-a bildirib ki, bu boşluqların doldurulması, aradan qaldırılması üçün Rusiyanın real vəziyyətə uyğunlaşmasında kifayət qədər ciddi problemlər müşahidə olunur:

“Ukrayna müəyyən istiqamətlərdə 20-30, bəzi istiqamətlərdə isə 50 km qədər Rusiya qoşunlarının müdafiə olunduğu ərazilərə daxil ola bilib və öz ərazilərinin bir hissəsini, təxminən söhbət 1000 kvadrat kilometr bir ərazidən gedir, azad edib. Lakin hücumların daha geniş miqyas alması üçün irəliləyən qoşunların həm arteriya və pilotsuz vasitələrlə dəstəyi, həm də düşmənin hava hücum vasitələrindən mühafizəsi vacibdir.

Əgər yaxın perspektivdə düşmənin müdafiəsinin yarıldığı əsas zərbə istiqamətlərində arteriya, PUA və hava hücumlarından müdafiə sistemlərinin cəmləşdirilməsi təmin olunarsa, onların yaxın və orta məsafədə qoşunlarının qorunması təmin olunarsa, bu zaman Rusiyanın müdafiəsində daha ciddi boşluqlar yarana bilər. Ukrayna da bu boşluqlardan istifadə edərək daha böyük əraziləri düşmən işğalından azad edə bilər.

Hazırda Rusiyanın müdafiəsində kifayət qədər ciddi boşluqlar var. Bu boşluqların doldurulması, aradan qaldırılması üçün Rusiyanın real vəziyyətə uyğunlaşmasında kifayət qədər ciddi problemlər müşahidə olunur. Adı çəkilən silahlar sistemlərini Ukrayna əldə edə bilərsə, o zaman Rusiyanın müdafiə olunması daha da çətin olacaq”.

Nərminə UMUDLU pia.az