Bakıya artan maraq - Avropa Birliyi Azərbaycanı sammitinə dəvət edib...

Avropa Birliyi Azərbaycanı sammitinə dəvət edib...

Politoloq: “Avropa Birliyinin Praqa şəhərində keçiriləcək sammitinə Azərbaycanı dəvət etməsi gözlənilən idi”.

“Yaxın zamanlarda TANAP və TAP layihəsi üzərindən Azərbaycan Avropaya ötürdüyü qazın həcmini iki dəfə artıracaq. Bu da əslində enerji böhranı dövründə Avropaya böyük dəstək deməkdir”.

Bu sözləri politoloq Samir Hümbətov Avropa Birliyinin Azərbaycanı Çexiyanın Praqa şəhərində keçiriləcək sammitə dəvət etməsinin səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Avropa Birliyi Azərbaycanı Çexiyanın Praqa şəhərində keçiriləcək sammitə dəvət edib. Məlumata görə, Aİ-nin sammitinə dəvət olunanlar arasında Norveç, İsveçrə ilə yanaşı, Gürcüstan, Ukrayna, Moldova və Balkan ölkələri də daxil olmaqla, İttifaqa üzvlük üçün müraciət edən daha 8 ölkə də var.

Daha əvvəl Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişel Aİ-nin Türkiyəni də sammitə dəvət etməli olduğunu vurğulayıb.

Bəs son dövrlərdə AB-nin Azərbaycana böyük maraq göstərməsinin və keçirdiyi müxtəlif sammitlərdə Azərbaycanı görmək istəməsinin səbəbləri nədir?

Azərbaycan və Avropa Birliyinin münasibətlərini PİA.az-ın əməkdaşı politoloq Samir Hümbətov ilə müzakirə edib.

Samir Hümbətov: “Azərbaycanın Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizi üzərində yerləşməsi Avropa Birliyinin marağında olan məsələlərdəndir”.

Azərbaycanın hər zaman Avropa Birliyi üçün cəlbedici ölkə olduğunu xatırladan politoloq PİA.az-a bildirib ki, bundan sonra bu cəlbedicilik daha da artacaq:

“Son dövrlər Avropa Birliyi ilə Azərbaycan arasında əlaqələr müsbət istiqamətdə artan xətt üzrə davam etməkdədir. Bunun da bir neçə səbəbi var:

1. Azərbaycanın İkinci Qarabağ savaşından sonra dünyada və regionda nüfuzu artdı;

2. Azərbaycan bu gün Avropanın enerjiyə olan tələbatının yüksəldiyi bir dövrdə Avropaya etibarlı enerji ixracatçısı rolunu oynayır. Yəni Azərbaycan Avropaya həm qaz, həm də neft ötürür;

3. Azərbaycanın Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizi üzərində yerləşməsi Avropa Birliyinin marağında olan məsələlərdəndir.

Eyni zamanda Azərbaycanın özünün Avropa ilə münasibətləri gücləndirmək istiqamətində atdığı müsbət addımlar, Avropa Birliyi ilə münasibətlərin yeni xəttlə davam etməsi, xüsusilə Azərbaycanın Avropa Şurasına daxil olmasından Azərbaycanla Avropa Birliyinin münasibətlərinin müsbət istiqamətdə cərəyan etməsinin hamısı Avropanın Azərbaycana marağının artmasından xəbər verir.

Samir Hümbətov: “Azərbaycan bu gün Avropanın enerjiyə olan tələbatının yüksəldiyi bir dövrdə Avropaya etibarlı enerji ixracatçısı rolunu oynayır”.

Əlbəttə ki, bütün bunların fonunda Avropanın Azərbaycanla bundan sonra da inkişaf edən maraqlar çərçivəsində hərəkət etməsi gözləniləndir. Buna görə də Avropa Birliyinin Çexiyanın Praqa şəhərində keçiriləcək sammitə Azərbaycanı dəvət etməsi gözlənilən idi. Çünki Azərbaycan Avropa Birliyi ilə əməkdaşlığı gücləndirməyə çalışır. Avropa Birliyi də bu istiqamətdə addımlar atır.

Bir neçə gün öncə Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən də səsləndirildiyi kimi Azərbaycan Avropa Birliyinin əsas enerji tərəfdaşlarından biridir. Yaxın zamanlarda gözləniləndir ki, TANAP və TAP layihəsi üzərindən Azərbaycan Avropaya ötürdüyü qazın həcmini iki dəfə artıracaq. Bu da əslində enerji böhranı dövründə Avropaya böyük dəstək deməkdir.

Düşünürəm ki, Azərbaycan hər zaman Avropa Birliyi üçün cəlbedici ölkə olub. Bundan sonra da bu cəlbedicilik davam edəcək”.

Nərminə UMUDLU pia.az