Azərbaycanın daha iki karateçisi Bakıda keçirilən Premyer Liqanın finalına çıxıb

Karate üzrə Premyer Liqa turnirində daha 2 Azərbaycan idmançısı finala çıxıb...

"Report"un məlumatına görə, İrina Zaretskaya (68 kq) və Asiman Qurbanlı (+84 kq) sentyabrın 4-də keçiriləcək final döyüşünə vəsiqə qazanıb.

Zaretskaya Nisrin Bruka (Mərakeş) 3:0, Qurbanlı isə təcrübəli Qoqita Arkanianı (Gürcüstan) 5:1 hesabı ilə məğlub edərək bu hüquqa yiyələnib.

İrina Zaretskaya finalda Silvia Semeraro (İtaliya), Asiman Qurbanlı isə Taha Mahmudla (Misir) qarşılaşacaq.

1/4 finalda Asiman Qurbanlıya uduzmuş Murad Hacızadə (+84) bürünc medal üçün təsəlliverici görüşdə məhz Qoqita Arkania ilə qarşılaşacaq. Həmçinin, yarımfinalda Yussef Bədəviyə (Misir) 0:6 hesabı ilə uduzmuş Turqut Həsənov (84 kq) bürünc medal üçün döyüşəcək.

Bu gün mübarizəyə qatılmış Roman Heydərov (kata), Pənah Abdullayev, Ayxan Mamayev (hər ikisi 84 kq) və Ayla Rzazadə (61 kq) isə medalsız qalıb.

Qeyd edək ki, Əminağa Quliyev (60 kq), Asiman Qurbanlı (+84 kq) və İrina Zaretskaya (68 kq) sentyabrın 4-də final görüşünə çıxacaq. Eyni gündə Turqut Həsənov (84) bürünc medal, Tural Ağalarzadə (66 kq) və Murad Hacızadə (+84 kq) təsəlliverici görüşdə iştirak edəcək.

pia.az