General özüylə “içəri" kimləri aparacaq: - “Zakir Qaralov, Rüstəm Usubov..."

Bəkir Orucov saxlanılıbsa, yaxın vaxtlarda ardınca digər şəxslərin də həbs xəbərlərini eşidə bilərik...

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi, general-mayor Bəkir Orucovun saxlanılıb.

Saxlanılma əməliyyatının "Tərtər işi" ilə bağlı aparılan araşdırmalar çərçivəsində baş verdiyi bildirilir.

Hərbi ekspert Üzeyir Cəfərov məsələyə münasibət bildirib. O, "Yeni Sabah"a açıqlamasında deyib ki, hüquq-mühafizə orqanları bu məsələlərdə operativ davranmalıdır:

“Dünən axşam mediada həmin xəbəri gördükdə inanmaq istəmədim. Səhər saatlarında xəbər öz təsdiqini tapdı. Bildiyimə görə, general "Tərtər işi"nə görə saxlanılıb. Saxlanılması onun cinayətkar olması demək deyil. Məsələ araşdırılacaq və qiymətləndiriləcək.

Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılan generalların işinə baxılıb və araşdırılıb. Günahsız olan kəslərisə həbsdən azad olunaraq işinə bərpa olunub. Bəkir Orucov haqqında bir müddət əvvəl Cəmşid Naxçıvanski adına hərbi liseyin rəisi olması və həmin müddətdə hansısa bir işdə əlinin olması ilə bağlı şayiələr var.

Üzümü istintaq qrupunun rəhbəri Qasım Məmmədova tutub deyirəm: "Ayıb olsun. Belə işləmək olmaz”. Bu dövlətimizə və cəmiyyətimizə hörmətsizlikdir. İstintaqa xələl gətirəcək məlumat istəmirik sizdən, cəmiyyəti məlumatsız qoymamaq borcunuzdur. Bizi məlumatlandırasınız deyə xahiş etmirik, kimsiniz ki, sizdən xahiş edək?

Dövlət adamısan, hökumət strukturunda çalışırsan. Tutmaq istədiyin adamın adını ictimailəşdir deyilmir. Cəmiyyəti məsələ ilə bağlı hansı işlərin görüldüyü, işlərin necə davam edəcəyi və nəticə üçün hansı işlərin görüləcəyi barədə məlumatlandırmalısınız.

“Xocalı”, “20 Yanvar”, erməni separatçıları ilə bağlı məlumat verməyən və bir müsbət nəticə ortaya qoymayan orqan nəyimizə lazımdır? Şəhər prokurorluğu səviyyəsində balaca bir şöbə düzəldərik işini görər.

Tərtər hadisələri dövrü Bəkir Orucov qərargah rəisi olub. Ola bilsin ki, istintaqda kimsə generalın adını deyib. Düzünü desəm, onun adını heç bir yerdə eşitməmişəm.

Bəkir Orucov saxlanılıbsa, yaxın vaxtlarda ardınca digər şəxslərin də həbs xəbərlərini eşidə bilərik. Baş prokurorun birinci müavini Şəfaət İmranov və Xanlar Vəliyev istintaq müddətində tutduğu vəzifədən azad olunmalıdır.

Rüstəm Usubov və Zakir Qaralovun məsələ ilə bağlı məsuliyyət dərəcəsi müəyyənləşdirilməli və dindirilməlidir. Tərtər hadisələri ilə bağlı qərar vermiş hakimlərin adları göstərilməlidir. Cəmiyyətin narazılığı istintaqın düzgün aparılmamasıyla bağlıdır. Kimlərsə bu işdən şəxsi mənfəət güdüb rütbə alıb, kimisi orden və medal alıb, kimisi də pul mükafatı alıb. Ona görə də bu məsələ hərtərəfli araşdırılmalıdır”.

pia.az