Qarabağın erməni əhalisinin vətəndaşlıq dilleması - I Hissə

Azərbaycanda vətəndaşlıq almaq üçün isə müvafiq qanunvericiliyə uyğun formada rəsmi müraciət etməlidirlər...

1988-ci ildə Ermənistan-Azərbaycan münaqişəsinin başlaması ilə faktiki olaraq iki ölkə arasında məcburi əhali mübadiləsi baş verdi. Ermənistan SSRİ-də yaşayan azərbaycanlılar öz torpaqlarından qovulandan sonra əsasən Azərbaycanda vətəndaşlıq aldılar. Azərbaycanı tərk edən ermənilər isə Ermənistanda və digər ölkələrdə vətəndaşlıq aldılar.

Qarabağ erməniləri üçün isə bu proses başqa istiqamətdə inkişaf etdi. Onlar həm Ermənistan vətəndaşlarına çevrildilər, həm də fiziki olaraq Azərbaycan ərazilərində yaşamağa davam etdilər. 1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Soveti "Ermənistan SSR və Dağlıq Qarabağın birləşməsi" haqqında qərar qəbul etdi. Bu, o zamankı SSRİ-nin daxili qanunvericiliyinə və beynəlxalq hüquqa zidd qərar idi. 10 yanvar 1990-ci ildə SSRİ-nin Ali Sovetinin Rəyasət Heyətinin qərarında qeyd edilirdi ki, Ermənistan SSR-nin Ali Sovetinin həmin qərarı SSRİ Konstitusiyasına ziddir. Amma bu qərar Ermənistanın daxili qanunvericiliyində hələ də hüquqi qüvvəsini saxlayır. Bu qanun təkcə Azərbaycan ərazilərinin bir hissəsinin qanunsuz ilhaqı deyildi, həm də Qarabağın erməni əhalisinin Ermənistan vətəndaşlığına qəbul edilməsinə imkan yaradırdı.

Ermənistan Konstitusiyasında bu anneksiya qərarına dolayı yolla istinad edilir. 1989-cu il qərarına 2003-cü ildə Ermənistanın Kassasiya (Ali) Məhkəməsi də istinad edib. Belə ki, 2003-cü ildə bir qrup müxalifətçi məhkəməyə müraciət edərək o zamankı prezident R. Köçəryanın Konstitusiyaya görə prezident postunu tutmaq hüququnun olmadığı iddiası ilə çıxış etmişdi. Konstitusiyaya görə, Ermənistan prezidenti olmaq istəyən şəxs 10 il daimi bu ölkədə yaşamalı idi. O zaman məhkəmə 1989-cu il qərarına istinad edərək Dağlıq Qarabağın hüquqi olaraq Ermənistan ərazisi olduğunu göstərmiş və R.Köçəryanın bu tələbi ödədiyini göstərən qərar vermişdi.

Hazırda Ermənistanın başqa ölkənin ərazisində qanunsuz yaşayan vətəndaşlarının hüquqları haqqında nəsə tələb etməsi absurddur. Ermənistan Qarabağ ermənilərinin Azərbaycan vətəndaşları kimi hüquqlarını müzakirə etməzdən əvvəl onların Ermənistan vətəndaşları olmadıqlarını sadəcə rəsmi şəxslərin dili ilə bəyan etməməlidir. Bunun üçün ilk növbədə müvafiq formada qanunvericiliyə uyğun 1989-cu il qərarının qüvvədən düşməsi üçün addımlar atılmalı və onun doğurduğu nəticələr, xüsusilə də vətəndaşlıqla bağlı yaranmış uyğunsuzluqlar aradan qaldırılmalıdır.

Hadrutdan və Qarabağın digər bölgələrindən olan ermənilər məhz Ermənistanın yeritdiyi bu siyasət nəticəsində bu gün çətin vəziyyətlə üzləşiblər və hüquqi boşluqda qalıblar. Onlar hüquqi baxımdan qaçqın hesab edilə bilməzlər. Çünki, beynəlxalq hüquqda qaçqınlar (refugee) bir ölkənin vətəndaşının digər ölkənin ərazisinə məcburi miqrasiyasıdır. Bu insanlar yuxarıda göstərilən əsasda Ermənistan vətəndaşlığına qəbul ediliblər və hazırda da vətəndaşı olduğu dövlətin ərazisindədirlər. Onlar beynəlxalq hüquqa görə, məcburi köçkünlər (İDPs) də hesab edilə bilməzlər. Çünki, məcburi köçkünlər ölkənin bir hissəsindən digər hissəsinə məcburi köçənlərdir. Qarabağ isə Ermənistan ərazisi deyil!

Hadrut və digər bölgələrdən olan ermənilərin qarşısında hazırda iki seçim durur: ya sakitcə Ermənistan vətəndaşları kimi həyatlarına davam etmək, ya da qaçqın statusu alaraq Ermənistanda yaşamaq. Lakin, bunun üçün həm Ermənistan vətəndaşı olmadıqlarını, həm də Azərabaycan vətəndaşı olduqlarını sübut etməlidirlər. Əgər onlar Azərbaycan ərazisində öz evlərinə qayıdaraq yaşamaq istəyirlərsə, yenə də Ermənistan və ya digər ölkənin vətəndaşları olmadıqlarını sübut etməlidirlər, çünki Azərbaycan qanunvericiliyi ikili vətəndaşlığı qəbul etmir. Azərbaycanda vətəndaşlıq almaq üçün isə müvafiq qanunvericiliyə uyğun formada rəsmi müraciət etməlidirlər. Əgər Ermənistan rəhbərliyi bu qrupdan olan insanlara yardım etmək istəyirsə o zaman onların vətəndaşlığını rəsmi şəkildə ləğv edə bilər. Bu halda, həmin insanlar Azərbaycan və ya digər ölkənin vətəndaşlığına qəbul edilənə qədər hüquqi baxımdan vətəndaşlığı olmayan şəxs və ya apatridlər hesab ediləcəklər.

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi

pia.az