Dördüncü Brüssel görüşü... - Sabah Azərbaycan və Ermənistan arasında proseslər “ölü nöqtə”dən çıxacaq?

Sentyabr ayında Azərbaycan və Ermənistan arasında sülhə doğru hansı inkişafı müşahidə edə biləcəyik?..

Politoloq: “Nəticə etibarilə görüşə Paşinyan “baqajsız”, İlham Əliyev isə kifayət qədər ciddi və geniş “baqajla” gedir. Bu baqaj ondan ibarətdir ki, Azərbaycanın uzun siyahıdakı tələbləri Ermənistan tərəfindən yerinə yetirilməlidir”.

“Proseslər göstərdi ki, bəlkə də sülh sazişindən sonra başqa məsələlərin həlli daha asan ola bilər. Hər halda daha öncə sülh sazişinin mətnin hazırlanması bir çox məsələlərin həllini sürətləndirəcək”.

Bu sözləri politoloq Zaur Məmmədov sabah gözlənilən Brüssel görüşünü PİA.az-a şərh edərkən qeyd edib.

Sabah Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə növbəti görüşü gözlənilir. Bu gün isə sərhədlərin müəyyənləşməsi ilə bağlı Moskvada görüş keçirilirk.

Bəs bu görüşlərdə əldə olunacaq nəticələr barədə hansı gözləntilər var? Sentyabr ayında Azərbaycan və Ermənistan arasında sülhə doğru hansı inkişafı müşahidə edə bilərik və sentyabrda “Zəngəzur dəhlizi”nin istifadəyə verilməsi ilə bağlı müzakirələr “ölü nöqtə”dən çıxacaq?

Liderlərin növbəti görüşündə əldə olunacaq razılıqları PİA.az-ın əməkdaşı politoloq Zaur Məmmədov ilə müzakirə edib.

Zaur Məmmədov: “Yaxın 10 ildə Avrasiyanın orta xəttində ciddi dəyişikliklər baş verəcək. Bu dəyişikliyin mərkəzində isə Azərbaycan dayanacaq”.

Azərbaycanın qarşısında çox böyük səddlərin olduğunu xatırladan politoloq PİA.az-a bildirib ki, bəzi dövlətlər tərəfindən Azərbaycana ciddi şəkildə təzyiqlər də var. Onların müntəzəm olaraq bəyanatlarında da bunu görürük:

“Sabah keçirilən Brüssel görüşü çox vacibdir. Ümumiyyətlə liderlərin avqust ayında görüşü gözlənilirdi. Görüş barədə əvvəlcədən Avropa İttifaqının prezidenti Şarl Mişel də açıqlama yaymışdı. Ancaq iyul və avqust ayının əvvəlindəki hadisələr onu göstərdi ki, görüş təxirə salına bilər. Çünki iyul ayında Moskvada planlaşdırılan hökümət arasında kommunikasiyanın görüşü təxirə salındı. Səbəb isə Ermənistanın Brüssel və Soçidə verdiyi vədləri yerinə yetirməməsi idi.

Avqustun əvvəlində Azərbaycan tərəfi bir daha Nikol Paşinyana ultimatum verdi. Bu ultimatum ondan ibarətdir ki, əgər Ermənistan razılığa gəlmirsə, Azərbaycan separatçılarla bağlı məsələni istədiyi kimi həll edəcək. Bundan sonra da əlbəttə növbə Qərbi Zəngəzur torpaqlarına çatacaq. Çox güman ki, bütün bunlar Paşinyanı ciddi şəkildə narahat etdi və onu görüşə vadar etdi.

Nəticə etibarilə görüşə Paşinyan “baqajsız”, İlham Əliyev isə kifayət qədər ciddi və geniş “baqajla” gedir. Bu baqaj ondan ibarətdir ki, Azərbaycanın uzun siyahıdakı tələbləri Ermənistan tərəfindən yerinə yetirilməlidir. Bu əvvəlcə iki tərəf arasında sülh danışıqlarının mətni ilə bağlı məsələ öz həllini tapmalıdır. Sonra delimitasiya və demarkasiyasi ilə bağlı məsələlər reallamalıdır. Eyni zamanda ən aktual problemlərdən biri də Zəngəzur məsələsidir. Daha doğrusu 10 noyabr bəyanatında yer alan “Zəngəzur dəhlizi” məsələsidir.

Zaur Məmmədov: “Kimin nəyi istəməsindən asılı olmayaraq, Azərbaycan üçün əsarət və problemlər dövrü olan 200 illlik dönəm artıq arxada qalıb. Biz 200 il bundan əvvəlki dövrdə olduğu kimi, bu coğrafiyalarda əsas oyunçu olaraq yolumuza davam edəcəyik”.

Əvvəlcə, əslində sülhə qədər olan məsələlər həllini tapmalı idi. Amma proseslər göstərdi ki, bəlkə də sülh sazişindən sonra başqa məsələlərin həlli daha asan ola bilər. Hər halda daha öncə sülh sazişinin mətnin hazırlanması bir çox məsələlərin həllini sürətləndirəcək.

Bölgədə artıq yeni reallıqlarla uyğun olaraq keçmişə yox, gələcəyə baxmalıyıq. O da anlaşılandır ki, Azərbaycanın qarşısında çox böyük səddlər var. Bəzi dövlətlər tərəfindən Azərbaycana ciddi şəkildə təzyiqlər də var. Onların müntəzəm olaraq bəyanatlarında da bunu görürük.

Həmin dövlətlər “Zəngəzur dəhlizi”nin açılmasından ciddi şəkildə narahatdırlar. Eyni zamanda onlar Azərbaycanın güclənməsindən ciddi şəkildə narahatdırlar. Amma onlar başa düşməlidirlər ki, bu tək Azərbaycanla bağlı məsələ deyil. Yaxın 10 ildə Avrasiyanın orta xəttində ciddi dəyişikliklər baş verəcək. Bu dəyişikliyin mərkəzində isə Azərbaycan dayanacaq. Hər şeydən əvvəl Azırbaycan bütün Avrasiya geosiyasətini özündə biləşdirən qovşağa çevrilir və bunun qarşısını almaq heç də mümkün görünmür. Ona görə də “Zəngəzur dəhlizi” bütün halalrda olacaq. İran, ya da Ermənistan bunu istəməsə belə.

Kimin nəyi istəməsindən asılı olmayaraq, Azərbaycan üçün əsarət və problemlər dövrü olan 200 illlik dönəm artıq arxada qalıb. Biz 200 il bundan əvvəlki dövrdə olduğu kimi bu coğrafiyalarda əsas oyunçu olaraq yolumuza davam edəcəyik və bütün səddləri aşaraq yeni Azərbaycan xalqının yeni yüksəliş dönəminin şahidi olacağıq. Bunun üçün bizim bütün imkanlarımız və resurslarımız var və bu resurslardan tam olaraq istifadə olunacaq”.

Nərminə UMUDLU pia.az