İranın cılız sövdəgərliyi: “Kərimə dövləti”nin bir udumluq dəyəri varmış...

Azərbaycan hökuməti narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizəyə çox ciddi yanaşır

Azərbaycanda “Kərimə dövləti” qurmaq niyyətlərini açıqlayan və bir sıra cinayətlərə imza atdıqlarını gizlətməyən legionerlərin İrandan təhvil alınması işi reallaşmaq üzrədir.

Azərbaycanın Baş Prokuroru Kamran Əliyev bu məqsədlə İrana səfər edib.

İranda öz həmkarı Məhəmməd Cəfər Montazeri ilə görüşən Kamran Əliyev Azərbaycan hüquq mühafizə orqanlarının hazırladığı siyahını ona təqdim edib. Siyahıda Azərbaycanın dövlət quruluşuna qarşı təhdidkar iddialar irəli sürən legionerlərin olduğu xəbər verilir.

Xatırladaq ki, Azərbaycanlı legionerlərin İrandakı fəaliyyəti iki dövlət arasında ziddiyyətlərin başlıca səbəblərindən biridir. Hətta Prezidenti İlham Əliyev bu yaxınlarda mediaya verdiyi müsahibələrindən birində bu faktı açıq dilə gətirərək, legionerlərin siyahısını keçmiş həmkarı Həsən Ruhaniyə təqdim etdiyini bildirmişdi. Görünür, Ruhani hakimiyyətinin dini siyasi iradə qarşısında zəifliyi və xaricə bəslədikləri ümidlərinin tam puç olmaması Azərbaycanın bu haqlı tələbinə barmaqarası baxmasına səbəb olmuşdu.

İndi isə vəziyyət dəyişilir. Hər tərəfdən sıxışdırılan İran sonuncu zərbəni də İraqdan aldı. İraqdakı Müqtəda əs-Sədr hərəkatı qələbəyə yaxınlaşdıqca, İran sonuncu xarici qapısını da itirmək üzrədir. Tehranın Ukrayna savaşında üzünü ağartmaq üçün ondan PUA istəyəcək qədər zəifləyən Rusiyaya da ümidi qalmayıb. Azərbaycan və Türkiyə arasında sıxışıb qalan Ermənistanın da molla rejiminin yaralı barmağına məlhəm olmayacağı gün kimi aydındır. Belə bir vəziyyətdə Azərbaycan İran üçün, sözün həqiqi mənasında yeganə nəfəslik görəvini icra edə bilər. Bunun üçün isə İran Azərbaycanın dövlət dəyərlərinə sayğı duyduğunu nümayiş etdirməli, həqiqətən də dostluq münasibəti qurmağa hazır olduğunu göstərməlidir. Sözsüz ki, dostluq sədaqətini nümayiş etdirməyin yolu Azərbaycanın dövlət dəyərlərinə saldıran legionerlərin ölkəmizə təhvil verilməsindən keçir. Başqa sözlə, legionerlər təhvil vermək yoxdursa, nəfəslik də yoxdur.

Ovqat.com-un əldə etdiyi məlumatları İran mediasında dərc olunan xəbərlər də təsdiqləyir. İran KİV-in məlumatına görə, Tehranda səfərdə olan baş prokuror Kamran Əliyev bu ölkədən olan həmkarı Məhəmməd Cəfər Montazeri ilə görüşü baş tutub.

İran mediasına inansaq, həmkarı ilə görüşdə Kamran Əliyev qarşı tərəfin nəzərinə çatdırıb ki, iki ölkə arasında münasibətlər yüksək səviyyədə olarsa, bu, digər münasibətlərə də öz müsbət təsirini göstərəcək.

“Azərbaycan hökuməti narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizəyə çox ciddi yanaşır. Azərbaycanda olan bir sıra iranlı məhbusların narkotiklə bağlı cinayətləri var və cəzaları yekunlaşan şəxslərin ekstradisiya müqaviləsi çərçivəsində ekstradisiya oluna bilər və bununla bağlı 137 məhbusun dəyişdirilməsi ilə bağlı danışıqlar aparılır. Məhkəmə istintaqı zamanı 41 Azərbaycan vətəndaşı İrana qaçıb”, - İran mediası bildirib.

Məlumatda həmçinin bildirilir ki, Azərbaycanın Baş Prokuroru bu şəxslərin ölkəmizin təhlükəsizliyinə təhdid hesab edildiyi üçün Azərbaycana qaytarılmasını vacibliyini vurğulayıb və İranın bu addımı atacağına ümidvar olduğunu deyib.

Kamran Əliyev də sözügedən şəxslərin siyahısını həmkarına təqdim edib.

İran mediasına yer alan məlumatda Azərbaycanın tələb etdiyi şəxslərin dövlət təhlükəsizliyinə təhdid olduğuna eyham vurulması söhbətin kimlərdən getdiyini açıq şəkildə ortaya qoyur. Əlbəttə, hansısa məişət oğrusu dövlət təhlükəsizliyi üçün təhdid meydana gətirmir və Baş Prokuror Kamran Əliyev belə xırda məsələlər üçün öz həmkarının qapısını döyməz.

pia.az