Azərbaycan millisinin həkimi təyyarədə halı pisləşən sərnişini xilas edib

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının həkimi Lalə İbrahimova Bakı - İstanbul aviareysində səhhəti pisləşən sərnişini xilas edib.

"Report"un eyni təyyarədə uçan əməkdaşı xəbər verir ki, hadisə bu gün Bakı vaxtı ilə 11:45-də Bakıdan İstanbula uçan Türk Hava Yollarının təyyarəsində baş verib.

Təyyarə havaya qalxdıqdan 2 saat sonra sərnişin özünü narahat hiss edib. Sərnişin həkimlərə bildirib ki, sinəsində ağrılar var və getdikcə həmin ağrılar şiddətlənir. Təyyarə heyəti sərnişini ilkin müayinədən keçirsə də, onun səhhətini yaxşılaşdırmaq üçün dərman preparatı tapılmayıb.

Həmin təyyarədə Maltaya yarışa gedən qadın futbolçulardan ibarət Azərbaycan futbol yığması da uçduğu üçün halı pisləşən sərnişinin köməyinə komandanın həkimi L.İbrahimova çatıb. Həkim sərnişini ehtiyat tibb çantasından lazım olan dərmanla təmin edib. Bundan daha sonra xəstənin halı normallaşıb.

Həkim sərnişindən təcili ürəyini kardioqramma etməsini tələb edib və təyyarə İstanbulda endikdən sonra xəstə klinikaların birində həkim nəzarətinə alınıb.

pia.az