Hafiz Hacıyev: “Qazaxıstanla Azərbaycan arasında olan münasibətlər yeni xətt üzrə inkişaf edəcək”

“İrəvan Azərbaycanın güclənməsini qəbul etmək istəmir. Qazaxıstan kimi böyük dövlətin və həm də Ermənistanın müttəfiq olan bir dövlətin Azərbaycanla əməkdaşlığı ölkəmizin inkişafına gətirib çıxaracaq”.

Bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Bakıya səfərini PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi dünən Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Bakıya səfər etdi və həmkarı İlham Əliyevlə bir sıra görüşlər keçirdi. Səfər istər prezidentlərin qarşılıqlı bəyanatları, istərsə də iki ölkə arasında imzalanan sənədlər baxımından kifayət qədər diqqət çəkdi.

Tokayev Bakıya səfərinin nəticələrinə PİA.az-ın əməkdaşı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ilə müzakirə edib.

Hafiz Hacıyev: “Biz istərdik ki, cənab Prezident xarici siyasətdə etdiyi uğurları, daxili siyasətdə də tətbiq etsin”.

Azərbaycanda siyasi islahatlar aparılmalı olduğunu düşünən partiya sədri bildirib ki, ölkədə siyasi islahatlar aparılsa, bu söz söhbətlər də kəsiləcək:

“Son dövrlər cənab Prezidentin apardığı qonşuluq siyasəti çox yüksək səviyyədə inkişaf edir. Biz buna sevinməliyik. Çünki Azərbaycan dostlarının sayını çoxaldır. Azərbaycan demək olar ki, bütün qonşu dövlətlər ilə yaxşı münasibət qurmağa çalışır. Rəsmi Bakı bu siyasətini daha da gücləndirə bilsə, ölkəmiz çox surətlə inkişaf edəcək.

Azərbaycanla Qazaxıstan arasında dünən 22-dən çox müqavilə bağlandı. Qazaxıstanla Azərbaycan arasında olan münasibətlər yeni xətt üzrə inkişaf edəcək. Bu münasibətlərin inkişaf etməsinə iki ölkə arasında bağlanan sazişlər çox kömək edəcək.

Hafiz Hacıyev: “Azərbaycanın inkişaf etməsini daxilimizdə arzu etməyən insanlar var”.

Onu da qeyd edim ki, Azərbaycanın inkişaf etməsini daxilimizdə arzu etməyən insanlar var. Onlar çalışırlar ki, ölkə başçısının gördüyü işlərə kölgə salsınlar. Daxilimizdə olan düşmənlərin ölkədə etdikləri işləri görürük. Buna görə də deyə bilərik ki, onlar öz istəklərinə qismən də olsa, nail olurlar.

Biz istərdik ki, cənab Prezident xarici siyasətdə etdiyi uğurları, daxili siyasətdə də tətbiq etsin. Bunu ona görə deyirəm ki, Azərbaycanda siyasi islahatlar aparılmalıdır. Ölkədə siyasi islahatlar aparılsa, bu söz- söhbətlər də kəsiləcək”.

Erməni mətbuatının Tokayevin Bakı səfərini çox qəzəblə qarşılamasına da münasibət bildirən Hafiz Hacıyev qeyd edib ki, Ermənistan Azərbaycanın apardığı uğurlu xarici siyasəti görür və çox narahat olur:

“Ermənistan artıq təklənmiş bir qurumdur. Ermənistana dövlət demək də düz deyil. Çünki onların öz torpaqları olmayıb. İrəvan da bizim dədə-baba torpaqlarımız olub. Buna görə də nə vaxtsa, biz o torpaqları da qaytaracağıq. Ermənistan Azərbaycanın apardığı uğurlu xarici siyasəti görür və çox narahat olur. İrəvan Azərbaycanın güclənməsini qəbul etmək istəmir.

Qazaxıstan kimi böyük dövlətin və həm də Ermənistanın müttəfiq olan bir dövlətin Azərbaycanla əməkdaşlığı ölkəmizin inkişafına gətirib çıxaracaq. Məsələn, Azərbaycan neftinin Qazaxıstan vasitəsilə Avropaya, Qərbə keçməsi Ermənistanı narahat edir. Düşünürəm ki, Ermənistan yaxın vaxtlarda Azərbaycanla təslim olmaq sazişinə qol çəkəcək. İrəvanın bu vəziyyətə gələcəyini gözləyirəm”.

Nərminə UMUDLU pia.az