Ruslardan daha çox “rus” olanlar... - Son günlər Rusiyameylli 5-ci kolon aktivləşib...

Azərbaycanda Rusiyanın mövqeyini məhz Kremlin təbliğat ruporlarının arqumentləri ilə müdafiə edənlərin sayı artıb...

Politoloq: “Rusiyanın indiki halında, yəni beynəlxalq aləmdən təcrid olunduğu, cinayətkar bir dövlət kimi bütün dünyada lənətləndiyi bir vaxtda Azərbaycanda Rusiyameyillərin artması təəssüf edici məqamdır”.

“Kimlərsə, Rusiya mövqeyindən çıxış etməyə çalışırsa, bu çox ciddi yanlışdır və həmin adamlar bilməlidirlər ki, bununla onlar heç də öz ölkələrinin maraqlarına xidmət etmirlər, əksinə bu maraqlara xəyanət edirlər”.

Bu sözləri politoloq Qabil Hüseynli son günlər Rusiyameylli 5-ci kolonun Azərbaycanda çox aktivləşməsinin səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Son günlər Rusiyameylli 5-ci kolonun çox aktivləşdiyi müşahidə olunur. Bir neçə Rusiya mövqeyindən çıxış edən sayt yaradılıb və sosial şəbəkələrdə isə Rusiyanın mövqeyini məhz Kremlin təbliğat ruporlarının arqumentləri ilə müdafiə edənlərin sayı artıb.

Azərbaycanda Rusiyaya meyllilərin sayının artması nədən xəbər verir? Rusiya yatmış hücrələri ayıldır, yoxsa yeni şəbəkələnmə gedir? Bunda Azərbaycan üçün təhlükə varmı?

Mövzunu PİA.az-ın əməkdaşı sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli ilə müzakirə edib.

Qabil Hüseynli: “Azərbaycan dövləti həm Rusiyaya, həm də İrana xidmət edən 5-ci kolonun arzusunu ürəyində qoymaq üçün hər çür imkanlara sahibdir”.

Rusiyanın özünün dərin çalxantılar içərisinə qərq olunduğu vaxtda Azərbaycanda kimlərsə, Rusiya tərəfindən çıxış etməyə çalışırsa, bunun çox ciddi yanlış olduğunu düşünən politoloq əlavə edib ki, insanları irəlidə çox böyük məyusluq gözləyir:

“Rusiyanın indiki halında, yəni beynəlxalq aləmdən təcrid olunduğu,cinayətkar bir dövlət kimi bütün dünyada lənətləndiyi bir vaxtda Azərbaycanda Rusiyameyillərin artması təəssüf edici məqamdır. Üstəlik də, Rusiyanın özünün dərin çalxantılar içərisinə qərq olunduğu vaxtda Azərbaycanda kimlərsə, Rusiya mövqeyindən çıxış etməyə çalışırsa, bu çox ciddi yanlışdır və həmin adamlar bilməlidirlər ki, bununla onlar heç də öz ölkələrinin maraqlarına xidmət etmirlər, əksinə bu maraqlara xəyanət edirlər. Bu insanları irəlidə çox böyük məyusluq gözləyir. Bunu tarix dəfələrlə ortaya qoyub.

Ötən əsrin birinci yarısında Azərbaycan bolşeviklərini xatırlayın. O insanların çoxusu safcasına Rusiyanın bərabərlik və qardaşlıq “ideyasının” qurbanı oldular. Ötən əsrin 20-ci illərin sonunda artıq o saf bolşeviklər hakimiyyətdən kənarlaşdırılmışdılar və 30-cu illərdə onların hamısı terrorun və repressiyanın qurbanına çevrildilər. Yəni Rusiya onlardan imperiyanı bərpa etmək üçün yayarlandı, daha sonra bu saf idealistlər ehtiyacları qalmadı.

Heç uzağa getmədən 2014-cü ildən sonra “LDNR”də baş verənləri xatırlatmaq da yerinə düşər. “LDNR”i yaradanların böyük əksəriyyəti indi həyatda deyilllər. Onlar ya terrorun, ya da repressiyanın qurbanına çevriliblər. Yəni demək istəyirəm ki, imperalist dövlət əsarət altına almaq istədikləri xalqların nümayəndələrindən ancaq alət kimi istifadə edir, sonra onlara ehtiyac olmadıqda ortadan qaldırılar. Bu həqiqəti bütün 5-ci kolon nümayəndələri bilməlidir.

Qabil Hüseymli: “Bu adamlar hər şeydən əvvəl onu düşünməlidirlər ki. müəyyən bir gün gəldikdə onlar öz dövlətlərinə, öz vətənlərinə xəyanət etməyə məcbur olacaqlar. Bu ya məcburi, ya da könüllü olacaq”.

Uzağı bu ilin sonuna qədər Rusiya-Ukrayna cəbhəsində yeni bir keyfiyyət halı formalaşacaq. Bu keyfiyyət halı hələ də 5-ci kolon funksiyasını yerinə yetirməkdə olan qüvvələrə də öz təsirini göstərəcək. Buna görə də istər Cənub istiqamətli 5-ci kolonun, istər Şimal istiqamətli 5-ci kolonun üzvlərinin ürəyindən hər hansı fikir keçirsə, bu fikir onların özləri üçün çox təhlükəli olan fikirdir. Bu adamlar hər şeydən əvvəl onu düşünməlidirlər ki, müəyyən bir gün gəldikdə onlar öz dövlətlərinə, öz vətənlərinə xəyanət etməyə məcbur olacaqlar. Bu ya məcburi, ya da könüllü olacaq.

Bu gün Azərbaycanda Rusiya imeralizminə, ya da İran moolalarına xidmət edənlərin heç də hamısı ideoloji əsaslarla bunu etmirlər. Kimlərsə kimlərinsə beyinini yuyur, kimlərsə pulla ələ alınırlar. Amma bütün halalrda Azərbaycan dövləti 5-ci kolonun arzusunu ürəyində qoymaq üçün hər çür imkanlara sahibdir”.

Nərminə UMUDLU pia.az