Duqinə qarşı terror aktının müxtəlif versiyaları... - Əsl sirr harada gizlənib?

Bəziləri hesab edirlər ki, bu daha çox Rusiyada daxili hesablaşmadır...

Politoloq: “Ortada heç bir sübut-dəlil olmadan ayrı-ayrı rusiyalı siyasətçilər, ekspertlər və jurnalistlər partlayışda “Ukrayna izi” axtarmağa başlayıblar. Bunu isə ancaq təbliğat olaraq dəyərləndirmək olar”.

“Rusiyanın hakimiyyət zirvəsində indi çəkişmələr, haqq-hesab aparmalar var... Bəziləri hesab edirlər ki, müharibə tərəfdarları Rusiyanı məhvə doğru sürükləyir. Ona görə də müharibənin əsas ideoloqu olaraq çıxış edən Duqinə qarşı belə bir addımın atılmasını istisna etmək olmaz”.

Bu sözləri politoloq Zərdüşt Əlizadə rusiyalı politoloq, Putinin məsləhətçisi Aleksandr Duqinin qızı Darya Duqinanın terror yolu ilə öldürülməsinin səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Aleksandr Duqinin qızı Darya Duqin şənbə günü axşam saatlarında avtomobilinə qoyulan bombanın partlaması nəticəsində öldürülüb. Bu terror hadisəsi Rusiyada ciddi rezonansa səbəb olub.

Xatırladaq ki, terror hadisəsinin əsas hədəfi “Rus Dünyası” və “Avrasiya" layihəsinin ideoloqu Aleksandr Duqinin olduğu güman edilir. Duqin və qızı dünən Moskva ətrafında keçirilən "Ənənələr" festivalında iştirak ediblər və Duqin də qızının maşınıda geri dönməliymiş. Lakin son anda başqa maşına minib. Hadisə baş verərkən Duqin qızının avtomobilin arxasınca hərəkət edirmiş və partlayış anı onun gözləri qarşısında baş verib.

Həlak olan Darya Duqina atasının yardımçısı olub və Platonova soy adı ilə Rusiyanın müxtəlif media vasitələrində politoloq kimi də çıxış edib. O, da atası kimi anti-Ukrayna təbliğatı aparıb.

Dünəndən bəri bu terror aktında müxtəlif versiyalarda şərh edilib. Bəzilərinə görə bunu Ukrayna kəşfiyyatı törədib, bəziləri hesab edirlər ki, bu daha çox Rusiyada daxili hesablaşmadır.

Bu gün Rusiya mətbuatında müstəqil kriminalist ekspertlərə istinadən yayılan məlumatda isə bildirilir ki, Duqinanın öldürülməsi daha çox quldur dəstələrini hesablaşmasına bənzəyir. Bu da Duqinə qarşı məhz Putinin ətrafından sui-qəsd hazırlanması ilə bağlı ehtimalı gücləndirir.

Dünən axşam saatlarında Rusiya Dövlət Dumasının keçmiş deputatı, müxalif siyasətçi, hazırda Ukraynada yaşayan İlya Ponomoryov Duqinin maşınına bomba qoyan təşkilatın adını açıqlayıb. O, bu barədə “Fevral Səhəri” Youtebe kanalında məlumat verib. İlya Ponomoryov canlı efirdə Milli Respublika Ordusunun (MRO) manifestini oxuyub və bildirib ki, Darya Duqinanın avtomobilinin partladılması məhz partizan qruplaşmasının işidir. Rusiyalı müxalifətçi qeyd edib ki, bu aksiya Rusiyada Putinin cinayətkar hakimiyyətinə qarşı keçirilən bir aksiyadır. Maraqlıdır ki, Rusiya Milli Respublika ordusi adında bir təşkilat haqqında bu günə qədər heç bir məlumat olmayıb. Ona görə də Ukraynada yaşayan rusiyalı müxalifin bu bəyanatının nə qədər doğru olub-olmadığını təxmin etmək çətindir. Rusiya rəsmiləri isə bu barədə susurlar.

Qeyd edək ki, Aleksandr Duqin Ukrayna dövlətçiliyinin qəti əleyhdarlarından biridir və hazırda Rusiyanın Ukraynada apardığı müharibənin ideoloqu hesab olunur. Duqin Qərbdə “Rus Dünyası” ideyasının müəllifi kimi tanınır və Qərbdə hesab edirlər ki, o, Rusiya prezidenti Vladimir Putinin yürütdüyü siyasətin əsas ideoloqlarından biridir. Duqin həmçinin rus-türk birliyi olaraq gördüyü “Avrasiya” layihəsinin də müəllifidir. Onun Rusiya ilə Türkiyə arasında indiki münasibətlərin yaranmasında xüsusi xidmətlərinin olduğu vurğulanır.

Terror aktının birbaşa Duqinə qarşı törədildiyini nəzərə alarsaq, bu versiyalardan hansına daha çox üstünlük vermək olar? Burda Ukrayna izi axtarmaq mümkündürmü və yaxud da bu terror aktını Rusiya hakimiyyətindəki müharibə əleyhinə olan qüvvələrin Putinə yolladıqları mesaj kimi qəbul etmək olarmı?

Darya Duqinanın öldürüldüyü terror hadisəsini PİA.az-ın əməkdaşı politoloq Zərdüşt Əlizadə ilə müzakirə edib.

Zərdüşt Əlizadə: “Rusiya kimi bir dövlətlə müharibə aparan bir ölkəyə qarşı belə bir ittihamla çıxış etmək heç də ciddi görünmür. Bu sadəcə absurddur”.

Bu hadisəni Rusiyanın terror hadisəsi kimi qiymətləndirdiyini vurğulayan ekspert PİA.az-a açıqlamasında qeyd edib ki, Rusiya rəsmiləri hələ Ukraynaya qarşı heç bir ittiham irəli sürməyib və istintaq barədə də elə də ciddi məlumatlar yayılmır:

“Düşünürəm ki, Aleksandr Duqinin qızı Darya Duqinanən hərəkət halında olan avtomobilində bomba partlaması nəticəsində öldürülməsində Ukrayna kəşfiyyatının rolu yoxdur. Düşünürəm ki, bu səhv ehtimaldır.

Ukraynanın indiki vaxtda işi-gücü qurtarıb ki, Darya Duqinin terror yolu ilə öldürsün. 1200 km-lik məsafədə Rusiyanın təcavüzündən müdafiə olunmağa çalışan Ukraynanın Rusiyadan qisası bir cavan qızı terror yolu ilə öldürməklə ola bilməz. Rusiya kimi bir dövlətlə müharibə aparan bir ölkəyə qarşı belə bir ittihamla çıxış etmək heç də ciddi görünmür. Bu sadəcə absurddur. Düşünürəm ki, hədəfdə Duqin olsa belə, Ukrayna hazırkı vəziyyətdə belə bir əməliyyatı hazırlayıb həyata keçirməsi Kiyev üçün heç nəyi dəyişmir.

Bu hadisə ilə bağlı Rusiya rəsmiləri hələ Ukraynaya qarşı heç bir ittiham irəli sürməyib və istintaq barədə də elə də ciddi məlumatlar yayılmır. Yalnız Mariya Zaxarova kiçik bir xatırlatma edib ki, əgər bu məsələdə Ukrayna izi ortaya çıxarsa, onlar Ukraynanı terorçu dövlət elan edəcəklər. Ortada heç bir sübut da yoxdur. Ancaq Duqin dünən istintaqa verdiyi açıqlamasında bildirib ki, son zamanlar sosial şəbəklərdə Ukrayna millətçilərindən təhdidlər alıb və bu təhdidləri ciddi qəbul etməyib.

Zərdüşt Əlizadə: “Darya Duqinin terror yolu ilə öldürülməsi Rusiyanın daxili çəkişmələrinin nəticəsi ola bilər. Ola bilər Duqin kiminsə yolunu kəsib, yaxud da pullar ayrılıb, amma Duqin o pulları ayrılan təşkilata yox qızının başçılıq etdiyi təşkilata verib”.

Buna baxmayaraq, yəni ortada heç bir sübut-dəlil olmadan ayrı-ayrı rusiyalı siyasətçilər, ekspertlər və jurnalistlər partlayışda “Ukrayna izi” axtarmağa başlayıblar. Bunu isə ancaq sadəcə təbliğat olaraq dəyərləndirmək olar.

Rusiyanın hakimiyyət zirvəsində indi çəkişmələr, haqq-hesab aparmalar var. Putinə yaxın olan qrupıaşmaların bəziləri, xüsusən iqtisadi çevrələr bu müharibənin Rusiyaya ziyan vurduğundan əmindirlər. Hətta bəziləri hesab edirlıər ki, müharibə tərəfdarları Rusiyanı məhvə doğru sürükləyir. Ona görə də müharibənin əsas ideoloqu olaraq çıxış edən Duqinə qarşı belə bir addımın atılmasını istisna etmək olmaz.

Darya Duqinin terror yolu ilə öldürülməsi də Rusiyanın daxili çəkişmələrinin nəticəsi ola bilər. Ola bilər Duqin kiminsə yolunu kəsib, yaxud da pullar ayrılıb, amma Duqin o pulları ayrılan təşkilata yox qızının başçılıq etdiyi təşkilata verib. Başqa təşkilatların cavabı da Duqinə bu terror aktı ola bilər. Çünki yayılan məlumatlar içində Qərbdə təbliğat üçün ayrılan pulların ünvana çatmaması da qeyd olunur və burda Duqinin də adı hallanır. Yəni bununla bağlı ehtimallar çox ola bilər”.

Zərdüşt Əlizadə: “Bu məsələnin Ərdoğana qədər gedib çıxması isə sadəcə bir komploteoriyadan başqa bir şey deyil”.

Qeyd edək ki, dünən rusiyalı tanımış hərbi ekspert İqor Korotçenko maraqlı bir versiya ilə çıxış edib. Belə ki, Rusiyanın hərbi eksperti İqor Korotçenko hesab edir ki, bu terror aktı Ankara və Moskvanın birgə faliyyətinə qarşıdır və Türkiyə və Rusiyaya anqlosaksların verdiyi mesajdır. Korotçenko həmçinin hesab edir ki, Ərdoğanın təhlükəsizliyio gücləndirilməlidir. Çünki növbəti terror ona qarşı ola bilər. Bununla bağlı Zərdüşt Əlizadə PİA.az-a bildirib ki, o, bu bəyanatı ciddi qəbul etmir və burda məqsəd sadəcə təbliğatdır:

“Hamımız bilirik ki, İqor Korotçenko Rusiyanın təbliğat ruporlarından biridir. Ona görə də mən onun bu bəyanatını sadəcə təbliğat olaraq dəyərləndirirəm və diqqətə belə almaq istəmirəm. Ola bilsin ki, Korotçenko özünü kimlərinsə gözünə soxmağa çalışır. Bu məsələnin Ərdoğana qədər gedib çıxması isə sadəcə bir komploteoriyadan başqa bir şey deyil”.

Nərminə UMUDLU pia.az