“Zelenski bunkerdə gizlənmədi...” – Strelkov Putini hədəfə almağa başladı

“Cənab Zelenski heç yerə qaçmadı, bunkerdə gizlənmədi”.

“AzPolitika.info” xəbər verir ki, bu açıqlama ilə Putinin bunkerdə gizlənməsinə eyham vuran separatçı “dxr”-in sabiq baş komandanı, Ukraynanın şərqində separatçı terror birləşmələrinin yaradılmasında ən əsas fiqurlardan biri olan və terrorçu kimi beynəlxalq axtarışa verilən İqor Strelkov (Qirkin) gözlənilmədən Ukrayna Prezidenti Volodimir Zelenskini tərifləyib, Kremlin ünvanına isə ağır ittihamlar yağdırıb və hətta ölkənin hərbi-siyasi rəhbərliyini ələ salıb.

Krımdakı rus hərbi obyektlərinin vurulmasına hiddətlənən Qirkin Rusiya rəhbərliyi ilə Volodimir Zelenskini müqayisə edib və bildirib ki, Zelenski peşəkar komik olsa da, özünü ciddi dövlət başçısı kimi aparır, əksinə, Kremldə oturanlarsa təlxəklik edir: “Baxın, müharibə başladı. Cənab Zelenski heç yerə qaçmadı, bunkerdə gizlənmədi, ümumi səfərbərlik elan etdi və həyata keçirdi. NATO-dan kütləvi silah idxalına nail oldu, Kremldəki “tərəfdaşları” barmağına doladı. Qəti və inamlı şəkildə müharibənin hədəfini və hətta sülh danışıqlarının şərtlərini elan etdi”.Ətraflı

Strelkov gileylənib ki, əvəzində Kreml bu sadalananların heç birini edə bilməyib: “Bəs, bizdə? Bizdə isə müharibənin 6-cı ayının tamamında qızıl suyuna çəkilmiş xoruzlar yenə də tank biatlonu oynayır və hərbi orkestrlərin festivalını keçirirlər. Ona görə də sual yaranır: “Kimdir təlxək?””

Qirkin əlavə edib ki, Rusiya Müdafiə Nazirliyi Krımdakı partlayışları hansısa texniki səbəblərlə izah etməklə özünü gülünc vəziyyətə qoyur.

pia.az