Azərbaycanın neft satdığı ölkələr

Dövlət Gömrük Komitəsi bildirir ki, Azərbaycan 2022-ci ilin yanvar-iyul aylarında 26 ölkəyə 12 milyard 397,7 milyon dollarlıq xam neft və xam neft məhsulu ixrac edib. İxrac ünvanları dəyərə görə belə sıralanıb: İtaliya, Hindistan, İsrail, Böyük Britaniya, Xorvatiya, Çexiya, Portuqaliya, İspaniya, Tunis, Ukrayna, Almaniya, Vyetnam, İsveçrə, Tailand, İrlandiya, Rumıniya, Türkiyə, Avstraliya, Tayvan, İndoneziya, Avstriya, Yunanıstan, Belarus, Fransa, Rusiya, Gürcüstan.

Yeddi ayda ölkədə kondensatla birlikdə 19,2 milyon ton neft çıxarılıb. Gündəlik xam neft hasilatı yanvarda 580,9 min barrel, fevralda 566,3 min barrel, martda 579,4 min barrel, apreldə 579,1 min barrel, mayda 571,3 min barrel, iyunda 523,5 min barrel, iyulda 549,9 min barrel göstərilib.

Beynəlxalq razılaşma avqust üçün gündəlik hasilat normasını 717 min barrel, sentyabr üçün 718 min barrel müəyyən edib.

İlin ilk yarısında dövlət büdcəsində bir barrel neftin qiyməti 50 dollardan götürülüb, iyulun 1-dən 85 dollara qaldırılıb. “AzəriLayt” markalı Azərbaycan nefti yanvara 82,49, fevrala 94,20, marta 102,30, aprelə 112,33, maya 110,70, iyuna 127,48, iyula 123,40, avqusta 105,97 dollarla başlayıb.

pia.az