FHN: Ötən sutka 111 yanğına çıxış olub, 7 nəfər xilas edilib

Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

PİA.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 111 yanğına çıxış, 7 halda köməksiz vəziyyətdə qalma, 1 intihara cəhd və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 7 nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi olan 3 nəfər, Abşeron rayonunun Novxanı kəndində “Niva” markalı minik avtomobili və “Mercedes” markalı mikroavtobusun toqquşması nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qalmış 1 nəfər və Sumqayıt dənizkənarı bulvarında intihar məqsədilə özünü dənizə atan 1 nəfər xilas edilib. Həmçinin, qəza-xilasetmə əməliyyatları zamanı 2 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

pia.az