Hafiz Hacıyev: “Hərbi cinayətkar Balasanyanla görüşmək bizə utancverici haldır”

“Azərbaycan rəsmiləri ilə Vitali Balasanyanın görüşünün olduğunu erməni kanalları yaydı. Ola bilər ki, bunun özü də bir təxribatdır”.

Bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Azərbaycan rəsmilərinin hərbi cinayətkar Vitali Balasanyanla görüşməsi haqqında yayılan xəbərləri PİA.az-a şərh edərkən qeyd edib.

Hafiz Hacıyev: “Vitali Balasanyanla görüşməyə ehtiyac yox idi. Onu həbs edib, orada da qulağını kəsməyə ehtiyac var idi”.

Vitali Balasanyan, Xankəndinin meri və başqa onlar kimi olan terrorçuların təcili həbs edilməli olduğunu vurğulayan partiya sədri bildirib ki, nə qədər ki, onlar həbs edilməyib, biz Xankəndində sakitliyi bərpa edə bilməyəcəyik:

“Azərbaycan rəsmilərinin Vitali Balasanyanla görüşməsi yolverilməz haldır. Vitali Balasanyanla görüşməyə ehtiyac yox idi. Onu həbs edib, orada da qulağını kəsməyə ehtiyac var idi. Hərbi cinayətkar Balasanyanla görüşmək bizə utancverici haldır. Balasyan üzdə bir söz, arxada bir söz deyən insanlardandır.

Bildiyimiz kimi guya Xankəndinin meri də interpol axtarışındadır. Amma o gözümüzün qarşısında terrorçuluqla məşğuldur. Xankəndinin meri orada olan insanları qızışdırır. Onun kimiləri iki dövlət arasında böyük müharibənin yaranmasında xüsusi xidmətləri olan adamlardır. Vitali Balasanyan, Xankəndinin meri və başqa onlar kimi olan terrorçular təcili həbs edilməlidir. Nə qədər ki, onlar həbs edilməyib, biz Xankəndində sakitliyi bərpa edə bilməyəcəyik.

Partiya sədri bildirib ki, Vitali Balasanyanla görüşün olub-olmamasından asılı olmayaraq bizim müdafiədən hücuma keçməli olduğumuz vaxtdır:

Onu da qeyd edim ki, Azərbaycan rəsmiləri ilə Vitali Balasanyanın görüşünü olduğunu erməni kanalları yaydı. Ola bilər ki, bunun özü də bir təxribatdır. Amma bu görüşün olub-olmamasından asılı olmayaraq biz müdafiədən hücuma keçməliyik. “Qisas” əməliyyatı keçirdik bir neçə yüksəkliyi azad etdik. İndi də onlara verilən vaxt ərzində ya onlar bizim vətəndaşlığımızı qəbul etməlidir, ya da Xankəndindən çıxıb getməlidirlər. Əgər vətəndaşlığımızı qəbul edərlərsə, bu yaxşı olar. Çünki qan tökülməz.

Bütün olanlara görə bizim ciddi şəkildə düşünməyimizin vaxtıdır. Ali baş komandanımız ermənilərin başına elə bir yumruq vurub ki, onlar hələ də özlərinə gələ bilməyiblər. Hər bir halda ən gözəl müdafiə hücumdur. Biz hücum taktikasını seçməliyik. Bizim arxamızda, o cümlədən yanımızda bağladığımız müqavilələr əsasında Türkiyə dövləti dayanır. Biz də bu məsələlərdə qətiyyətli mövqe ortaya qoymalıyıq. Qarabağda qalan terrorçuları qovub, oradan çıxarmalıyıq”.

Nərminə UMUDLU pia.az