Vahid Əhmədov: “Görünür, İranın burada marağı var...”

“Londonda səfirliyimizə edilən hücum ölkə daxilində heç bir dini zəmində qarşıdurma yarada bilməz. Çünki Azərbaycan tolerant dövlətdir və bu cür qarşıdurmalar ölkəmizdə gözlənilmir”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib.

Deputat hesab edir ki, Londondakı hadisə hansısa dövlətin təxribatı nəticəsində baş verib: “Bu, dini zəmində olan bir məsələdir. Yəqin ki, qarşısı alınacaq, hökumət tərəfindən ciddi tədbirlər görüləcək. Son vaxtlar Qarabağ ətrafında da müəyyən problemlər, bəzi bölgələrimizdə dini məsələlərə toxunan hadisələr baş verir. Görünür, qonşu dövlətimiz İranın burada marağı var. Qarabağla bağlı sülhün həllində İran o qədər də maraqlı deyil. Müəyyən təhdidlər də edir ki, bu məsələlər həllini tapmasın. Amma hamısı boş söhbətdir. Azərbaycan istədiyinə nail olacaq”.

Vahid Əhmədov Londondakı səfirliyə hücumun İranla Azərbaycan arasında soyuqluq yaratmaq üçün törədilməsi ilə bağlı səsləndirilən fikirlərə də münasibət bildirib: “Bu da ola bilər. Azərbaycanın dövlət başçısı apardığı xarici siyasətdə həmişə İranla dostluq əlaqələri qurub. Vətən Müharibəsində İran faktiki olaraq Ermənistanın yanında idi, buna baxmayaraq yenə də dövlət başçımız İrana qarşı müsbət münasibət göstərib, bu gün də bu münasibət davam edir. Çünki qonşu dövlətdir. Amma İran da başa düşməlidir ki, Azərbaycan müstəqil dövlətdir, müstəqil siyasət aparır. Bizdə dini zəmində belə hərəkətlərə heç bir rəvac verilən deyil”.

pia.az