Rusiya və Türkiyə liderləri Suriyada terrora qarşı mübarizədə həmrəy olduqlarını təsdiqləyiblər - Yenilənib, Foto

Türkiyə və Rusiya Suriyada qalıcı həllə nail olmaq üçün siyasi prosesin irəlilədilməsinə əhəmiyyət verir.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə və Rusiya liderlərinin Soçidəki görüşünün nəticələrinə dair ortaq açıqlamada deyilir.

Qeyd olunub ki, liderlər Suriyadakı bütün terror təşkilatlarına qarşı mübarizədə həmrəylik və koordinasiya içində hərəkət etmək əzmində olduqlarını bir daha təsdiqləyiblər.

Bundan əlavə, sənəddə iki ölkə arasında konstruktiv əlaqələrin Ukrayna limanlarından taxıl və ərzaq məhsullarının təhlükəsiz daşınmasına dair İstanbul sazişinin əldə olunmasında rol oynadığı təsdiqlənib.

“İki lider Rusiyanın taxıl, gübrə və gübrə istehsalı üçün lazım olan xammalın fasiləsiz ixracı da daxil olmaqla, İstanbul razılaşmasının hərf və ruhuna uyğun olaraq tam şəkildə həyata keçirilməsinin zəruriliyini vurğuladılar. Liderlər nəqliyyat, ticarət, kənd təsərrüfatı, sənaye, maliyyə, turizm və tikinti kimi sektorlarda əməkdaşlığı gücləndirmək üçün konkret addımlar atmağa razılaşıblar”,- deyə bəyanatda bildirilib.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasındakı görüş dörd saatdan bir qədər çox davam edib.

Bunu Rusiya dövlət başçısının köməkçisi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Soçidə baş tutan danışıqlar artıq başa çatıb.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın Soçi şəhərinə işgüzar səfərə gedib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Qeyd edək ki, Türkiyə Prezidenti rusiyalı həmkarı Vladimir Putinlə təkbətək, daha sonra isə heyətlərarası görüş keçirəcək.

pia.az