Rusiyalı baş məşqçi ukraynalı futbolçunu "Qarabağ"a qarşı oynatmayacaq

Macarıstanın "Ferentsvaroş" komandasının baş məşqçisi Stanislav Çerçesov Ukrayna yığmasının futbolçusu Aleksandr Zubkovu Çempionlar Liqasının III təsnifat mərhələsinin iştirak ərizəsinə daxil etməyib.

"Report"un məlumatına görə, "Qarabağ"a qarşı oyunlarda çıxış edə biləcək oyunçuların adlarını UEFA-nın rəsmi saytında dərc olunub. Zubkov ardıcıl üçüncü dəfə siyahıya düşməyib. O, ilk iki təsnifat mərhələsində Qazaxıstan "Tobol"u və Slovakiya "Slovan"ı ilə qarşılaşmaları da buraxıb.

Sonuncu dəfə Zubkov iyunun 11-də Ukrayna yığmasının Ermənistana qarşı Avropa çempionatının seçmə matçında meydana çıxıb. Bundan sonra 25 yaşlı yarımmüdafiəçi nə yoldaşlıq görüşlərində, nə də rəsmi oyunlarda forma geyinib. "Transfermarkt" portalının 1,8 milyon avro qiymət qoyduğu ukraynalı futbolçunun klubla müqaviləsi 2024-cü ilin yayınadəkdir.

Zubkov Budapeşt komandasına 2019-cu ildə Ukraynanın "Şaxtyor" (Donetsk) klubundan keçib. Həmin vaxt paytaxt təmsilçisinin baş məşqçisi onun həmyerlisi Sergey Rebrov idi.

Çerçesovun bu addıma qarşılıq olaraq, azarkeşlər futbolçunu komandanı tərk etməyə çağırıblar. Oyunçunun özü isə instaqramda "Bunu tezliklə edəcəyimə ümidvaram" yazıb. Lakin o, sonradan həmin şərhi silib.

Qeyd edək ki, "Ferentsvaroş" "Qarabağ"la ilk oyununu avqustun 3-də Bakıda, cavab qarşılaşmasını avqustun 9-da Budapeştdə keçirəcək.

pia.az