Yəhudi dərzinin Nürnberqə gedən prokuror Rudenkodan xahişi: “Hamısını güllələyin”

Tarixi Nürnberq prosesindən illər ötsə də, bu beynəlxalq məhkəmə ilə bağlı müzakirələr bu gün də davam etməkdədir. Bu müzakirələrdə prosesin rəsmi tərəfləri ilə yanaşı, məhkəmə zalından kənarda baş verənlər də böyük maraq doğurur.

3-cü reyxin rəhbərləri üzərində keçirilən beynəlxalq məhkəmə prosesində əsas simalardan biri, SSRİ tərəfindən dövlət ittihamçısı qismində iştirak edən Roman Rudenko olub. Həmin vaxt 38 yaşlı Rudenko Ukrayna prokuroru vəzifəsində işləyib və sonralar o, 28 il SSRİ-nin baş prokuroru kürsüsündə əyləşib.Prokurorun oğlu Sergey Rudenko öz müsahibələrində atasının Nürnberq prosesində dövlət ittihamçısı kimi iştirak etməsi haqqında maraqlı açıqlamalar verib:

“Həmin vaxt mən məktəbli idim. Sonralar məni bir sual çox düşündürürüdü. Niyə məhz bu məsuliyyətli missiya 38 yaşlı atama həvalə edilib? Buz bu haqda evdə söhbət etmirdik və mən də heç vaxt məni düşündürən sualları ona vermirdim. Roman Rudenkonun hansı səbəbdən Nürnberq prosesinə göndərilməsini mən sonralar anladım. Bunun birinci səbəbi o idi ki, atam müharibə zamanı ən çox itki verən Ukraynada işləmişdi və hadisələrin canlı şahidi idi, yəni, bu hadisələrə hüquqi qiymət verilməsində o, daha çox məlumata malik idi. İkincisi, atam Ukraynada işləsə də, moskvalı həmkarlarından fərqlənərək mətbuatda tez-tez çıxışlar edirdi, məhkəmə, hüquq, prokrorluq sistemində islahatlar aparılanda atamın təklifləri nəzərə alınırdı. Bunu Stalin də yaxşı bilirdi və atama böyük rəğbəti var idi. Elə atamın Nürnberq prosesində dövlət ittihmçısı qismində iştirak etməsi də birbaşa Stalinin təşəbbüsü ilə olmuşdu...”

Roman Rudenkonun Nürnberq prosesində dövlət ittihamçısı kimi iştirak edəcəyi tam təsdiqləndikdən sonra o, Mərkəzi Komitədə və Xarici İşlər Komissarlığında (nazirliyində) müvafiq təlimatlar alıb. Bu təlimatlar zamanı ən xırda detallar belə müzakirə edilib. Hətta Rudenkonun xarici görnüşü və geyimi də.

Oğlunun söylədiklərinə görə, həmin vaxt Rudenkonun qarderobunda bir dəst də olsun mülki geyim olmayıb. Prokuror işə də, gəzintiyə də, məclislərə də hərbi formada gedib. Kremldə bu məsələnin həll olunması vacib sayılıb. Beləliklə, bir neçə gündən sonra yaşlı bir dərzi prokurorun kabinetinin qapısını döyüb:

- Məni bura sizə kostyum tikməyə göndəriblər. Mənə 15-20 dəqiqə vaxt ayırmanız lazımdır.

Həmin yaşlı dərzi yəhudi oub, onun bütün doğmalarını müharibədə almanlar öldürüblər, özünün sağ qalmasını isə möcüzə kimi qiymətləndirib. Rudenko qoca dərzini mehribanlıqla qarşılayıb:

- Gərək siz ünvanı mənə deyəydiniz, mən özüm gələrdim.

- Yox, mən buna razı olmazdım, siz vacib bir yerə gedirsiniz, hazırlaşmalısınız, vaxtınız da məhduddur.

Dərzi ölçüləri götürməyə başlayıb və öz işini görə-görə prokurora ürəyindəkiləri söyləyib:

- Mən inanırm ki, siz bu faşistlərə layiq olduqları cəzanı verəcəksiniz. Bu vəhşilərin yalnız bir cəzası var, güllələnmək. Çalışın ki, hamısını güllələyəsiniz. İmkanı əldən verməyin, onların axırına çıxmasanız, bu faciələr bir daha baş verə bilər...

Dərzi dayanmadan faşistləri lənətləyib və ona elə gəlib ki, Rudenko əlində avtomat faşistləri güllələməyə gedir. Təbii ki, Rudenko da bu qoca yəhudinin sözünü kəsməyib, sakitliklə onu dinləyib.

Səhərisi gün hələ iş saatı başlamamış dərzi qəbul otağında biçilmiş kostymlarla Rudenkonu gözləyib.

Prokuror onu görcək təəccüblənib:

- Mən yenə sizə lazımam?

- Mən biçilmiş kostyumları sizin üstünüzdə yoxlamalıyam.

- Siz bu işi nə vaxt gördünüz? Gecə yatmamısınız?

- Bu yaşda olan adamın gecə yuxusu olmaz.

Kostymların geyilib-yoxlanılmasından sonra dərzi soruşub:

- İki gündən sonra kostyumlar tam hazır olacaq, bura gətirim, yoxsa evinizə?

Rudenko bildirib ki, sürücü gəlib aparacaq.

İki gündən sonra sürücü üç dəst kostyumu prokurorun evinə aparıb. Rudenko onları bir-bir geyinib. Kostymların birinin cibindən bir kağız parçası çıxıb: “Pencəyin iç ciblərindən birinin dərin olması sizi təəccübləndirməsin. Bu cib tapança üçündür. Ora qoyduğunuz tapança ilə faşistləri güllələyərsiniz. Xahiş edirəm, cəzanı mümkün qədər ağır edin...”

Rudenko Nürnberqə məhz bu kostymlarla gedib. Məhkəmə iclaslarından sonra xarici həmkarları ilə görüşəndə, ziyafətlərə gedəndə həmin kostyumları geyinib və qoca dərzinin tikdiyi xüsusi cibdə tapança saxlamağı da unutmayıb.

Prosesdən geri qayıtdıqdan sonra prokuror güllələnən reyx rəhbərlirinin siyasını bir kağıza yazıb və altdan qeyd edib: “Mən sizin xahişinizi yerinə yetirdim, faşistləri güllələdim” və həmin kağızı qoca dərziyə göndərib...

İlham Cəmiloğlu(Musavat.com)

pia.az