Deputat: “Kişilər də zorakılığa məruz qalırlar"

“Cinayətin dərəcəsini müəyyən etmək hüquq mühafizə orqanlarının vəzifəsidir. Ona görə də bununla bağlı hansısa dəqiq fikir yürüdə bilmərik. Həqiqətən də o adamın günahı sübut olunubsa, və 7 il həbs cəzası gözləyirsə, bu, heç də az müddət deyil. Ümumiyyətlə, müxalifətin bir üzvünün qızına qarşı törədilən təcavüz məsələsini siyasiləşdirmək, bunu dövlətin adına yazmaq, müəyyən ictimai rəy yaratmaq və ictimaiyyəti çaşdırmaq doğru deyil. Bu cinayətlə bağlı apellyasiya, yuxarı instansiya, hətta Ali məhkəməyə də müraciət edə bilərlər. Çünki hər bir şəxs qanun qarşısında bərabər şəkildə cavabdehdir və öz cəzasını almalıdır. Amma bunu siyasiləşdirmək düzgün deyil.”

Bu sözləri Pravda.az-a AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlının qızı Sənay Qəhrəmanlıya (Yağmur) təcavüz etməkdə təqsirləndirilən şəxsə yüngül cəza verilməsi iddiasından danışan Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Deputat qeyd edib ki, son zamanlar ölkədə qadınlara qarşı törədilən bütün zorakılıqların cavabı verilir: “Vaxtında, düzgün şəkildə hər hansı zorakılıq halı ilə bağlı müfafiq orqanlara müraciət edilirsə, cinayətkarlar cəzalarını alırlar. Ancaq bəzən elə hallar olur ki, şantaj xarakteri daşıyır, bu barədə vaxtında məlumat verilmir, şahid qismində olan insanların ifadələri düzgün olmur. Bu səbəbdən də bəzən proseslər uzadılır. Onu da qeyd etmək lazımdır ki, yalnız qadınlara qarşı zorakılığın tətbiq olunması, bu halların çox olması və gizlədilməsi kimi səslənən fikirlərin heç bir əsası yoxdur. Bunu şişirtmək, ictimailəşdirmək, Azərbaycanda hüquqi dövlətin olmaması barəsində fikir yaratmaq doğru deyil. Biz elə bu yaxınlarda qadının öz yoldaşını bıçaqlamasını görmüşdük. Yəni kişilər də müəyyən zorakılığa məruz qalırlar. Onlar da öz yoldaşları, müəyyən cinayətkar ünsürlər, kriminal aləmdəki şəxslər tərəfindən zorakılığa, təzyiqlərə məruz qalırlar. Biz televizora baxırıq, sosial şəbəkələri izləyirik. Bütün dünyada belə zorakılıq halları baş verir. Azərbaycan da bu baxımdan istisna deyil. Hansısa qadına qarşı törədilmiş zorakılığı bütün Azərbaycanın adına yazmaq dügün deyil”.

pia.az