Gürcüstan Patriarxı Allahşükür Paşazadəni "Dostluq" ordeni ilə təltif edib

Gürcüstan Patriarxı II İlya Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadəni "Dostluq" ordeni ilə təltif edib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, təqdimetmə mərasimi patriarxın iqamətgahında baş tutub.

QMİ sədri xüsusi mükafata şeyxülislamlıq fəaliyyətinin 40-cı ildönümü münasibətilə, habelə gürcü və Azərbaycan xalqları arasında əlaqələrin möhkəmlənməsinə verdiyi xüsusi töhfələrə görə layiq görülüb.

Şeyxülislam A.Paşazadə Gürcüstanın ali dini liderinə və Gürcüstan Pravoslav Kilsəsinə onu "Dostluq" ordeninə layiq gördüklərinə görə minnətdarlığını bildirib: "Mən bir çox mükafatlar almışam, lakin yaxın dostumun əlindən "Dostluq" ordenini almaq mənim üçün böyük mükafat və şərəfdir. Bu orden mənim üçün ən əziz mükafatdır. Orden həmçinin Azərbaycan və Gürcüstan dövləti və xalqı arasında yüksək səviyyəli münasibətlərin, qardaşlığın, II İlya həzrətlərinin böyüklüyü və ağsaqqallığının nümayişidir".

II İlya öz növbəsində Gürcüstan-Azərbaycan dostluq və qardaşlığının toxunulmaz və əbədi olduğunu bildirib.

Mərasimdə Gürcüstan Pravoslav Kilsəsinin yepiskopu Mitropolit Şio, ruhanilər, Azərbaycan səfiri Faiq Quliyev, QMİ sədrini müşayiət edən nümayəndə heyətinin üzvləri iştirak ediblər.

Qeyd edək ki, ordenin üzərində şam, küknar və kiparisdən kəsilərək yonulmuş üç əsadan cücərən möcüzəvi ağac -Allahın insanlara verdiyi rəhmət, sülh və xeyir-dua əlaməti və rəmzi kimi təsvir edilib.

pia.az