Tehranda Putin Əliyevdən Ərdoğana “salam” çatdırmaqla hansı mesajı verdi?..

Putinin “salamı” sosial şəbəkədə də geniş müzakrəyə səbəb olub. Bəzi sosial şəbəkə istifadəçiləri Putinin Əliyevdən Ərdoğana “salamı”nı təxribat kimi dəyərləndirib...

Politoloq: “Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana Azərbaycan prezidenti İlham Əliyevdən salam çatdırmaqla bildirmək istədi ki, Türkiyə-Azərbaycan münasibətlərini Əliyevlə müzakirə edib”.

“Rusiya prezidenti bu mesajı çatdırmaqla həm də bildirmək istədi ki, Rusiya da Azərbaycana və Türkiyəyə mərhəm ölkədir. Yəni Putin demək istədi ki, Rusiya Azərbaycanla Türkiyənin yaxın münasibətlərinə müsbət baxır və bu münasibətlərdə Rusiyaya qarşı heç bir element görmür”.

Bu sözləri politoloq Zərdüşt Əlizadə Tehranda Putin Ərdoğan görüşü zamanı baş verən kuryoz hadisələri PİA.az-a şərh edərkən qeyd edib.

Tehranda keçirilən Astana üçlüyünün sammitində maraqlı açıqlamalar, münasibətlərin aydınlaşdırılması, o cümlədən də kuryoz hadisələr yaşanıb. Belə kuryoz hadisələrdən biri də Ərdoğanla Putinin görüşündə baş verib. Belə ki, görüş zamanı Putin Ərdoğana deyib ki, bu yaxınlarda Xəzər sammiti çərçivəsində Azərbaycan Prezidenti ilə görüşüb və “Sizə Əliyevdən böyük salam gətirmişəm”, ifadələrini işlədib. Putinin bu “salamı” sosial şəbəkədə də geniş müzakrəyə səbəb olub. Bəzi sosial şəbəkə istifadəçiləri Putinin Əliyevdən Ərdoğana “salamı”nı təxribat kimi dəyərləndirib.

Nəzərə alsaq ki, Xəzər sammitindən sonra Ərdoğanla İlham Əliyev dəfələrlə təmasda olublar, o zaman Putin Əliyevdən Ərdoğana “salam” çatdırmaqla hansı mesajı verə bilərdi?

Ərdoğan-Putin görüşməsində müəmmalı “salam” mövzusunu PİA.az-ın əməkdaşı politoloq Zərdüşt Əlizadə ilə müzakirə edib.

Zərdüşt Əlizadə: “Hesab edirəm ki, Aşqabadda Putinlə söhbət zamanı İlham Əliyev Tehranda Rusiya prezidenti ilə Türkiyə prezidentinin görüşəcəyini biləndə, ondan da Ərdoğana salam deməsini xahiş edib. Bu da çox normaldır”.

Rusiyanın Azərbaycanla Türkiyənin yaxın münasibətlərinə müsbət baxdığını və Əliyevin salamını Ərdoğana çatdırmaqla daha isti və məhrəm atmosfer yaratmağa çalışdığını düşünən politoloq PİA.az-a bildirib ki, Putininin Ərdoğana Əliyevdən salam çatdırmasında bəd heç nə axtarmağa ehtiyac yoxdur:

“Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana Azərbaycan prezidenti İlham Əliyevdən salam çatdırmaqla bildirmək istədi ki, Türkiyə-Azərbaycan münasibətlərini Əliyevlə müzakirə edib. Putin bununla Ərdoğana mesaj verdi ki, o, Türkiyənin Azərbaycanla olan yaxın münasibətlərdən xəbərdardır. Mən düşünmürəm ki, bununla Putin hansısa təxribat xarakterli mesaj yoxdur və Putininin Ərdoğana Əliyevdən salam çatdırmasında bəd heç nə axtarmağa ehtiyac yoxdur.

Rusiya prezidenti bu mesajı çatdırmaqla həm də bildirmək istədi ki, Rusiya da Azərbaycana və Türkiyəyə mərhəm ölkədir. Yəni Putin demək istədi ki, Rusiya Azərbaycanla Türkiyənin yaxın münasibətlərinə müsbət baxır və bu münasibətlərdə Rusiyaya qarşı heç bir element görmür.

Hesab edirəm ki, Aşqabadda Putinlə söhbət zamanı İlham Əliyev Tehranda Rusiya prezidenti ilə Türkiyə prezidentinin görüşəcəyini biləndə, ondan da Ərdoğana salam deməsini xahiş edib. Bu da çox normaldır. Hesab edirəm ki, Putin Tehranda Əliyevin salamını Ərdoğana çatdırmaqla, görüşdə daha isti və məhrəm atmosfer yaratmağa çalışıb.

Üstəlik Astana üçlüyünün sammitindən əvvəl Əliyev-Ərdoğan görüşü olub. Amma salam Allahın salamıdır. Hamı bir-birinə salam verir. O üzdən də, bir daha qeyd edim ki, Putinin Ərdoğana Əliyevdən salam çatdırmasında bəd heç nə yoxdur”.

Nərminə UMUDLU pia.az