Mirzoyan Yunanıstanda Bakı və Ankaranı hədəf aldı... - Səbəbi sabiq nazir şərh etdi

Ermənistanın xarici işlər naziri Azərbaycana “qaniçən” dedi...

Sabiq xarici işlər naziri: “Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Yunanıstanda verdiyi bəyanatlarda hər şey aydındır. Ermənistan böyük güclə özünü sülhpərvər göstərmək istəyir”.

“Ermənistanın apardığı siyasət budur. Ola bilsin sabah Paşinyan Türkiyəyə qarşı çıxacaq, amma Mirzoyan Türkiyə ilə yaxınlaşmaq istədiklərini dilə gətirəcək”.

Bu sözləri sabiq xarici işlər naziri Tofiq Zülfüqarlı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Yunanıstan Azərbaycana və Türkiyəyə qarşı dedikləri fikirləri PİA.az-a şərh edərkən qeyd edib.

Ötən həftə Avropada səfərdə olan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Afinada Yunanıstanın “Katimerini” qəzetinə verdiyi müsahibədə həmişə olduğu kimi, Azərbaycan və Türkiyənin üzərinə nifrətini töküb. O, türkləri Ermənistan və Yunanıstanın ortaq düşməni kimi göstərib. “Sülhsevər” xislətini göstərməyə çalışan A.Mirzoyan uzun müddətdir Ermənistanın sülh sazişinə necə nail olmaq “istədiyi” mövzusunda danışıb, “qaniçən” Azərbaycanın isə buna əngəl törətdiyini sayıqlayıb.

Türkiyə-Ermənistan münasibətlərinin normallaşdığı vaxtda Ararat Mirzoyanın Bakı və Ankaranı açıq hədəfə almasını necə dəyərləndirmək olar?

Mövzunu PİA.az-ın əməkdaşı sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarlı ilə müzakirə edib.

Tofiq Zülfüqarlı: “Ermənistana nə isə lazım olanda, ya da təzyiq altında olanda belə addımlar atırlar”.

Bunların hamısının sadəcə olaraq Ermənistanın siyasi oyunu və siyasi davranışının növü olduğunu vurğulayan sabiq nazir bildirib ki, Ermənistan heç vaxt səmimi olmayıb və olmayacaq da:

“Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Yunanıstanda verdiyi bəyanatlarda hər şey aydındır. Ermənistan böyük güclə özünü sülhpərvər göstərmək istəyir. Guya Ermənistan sülh üçün çalışır, amma Azərbaycan sülhə mane olur. Ermənistan özlərinin uydurduğu bu mifə başqa dövlətlərin də inanmasını istəyir. Buna görə də ölkənin nümayəndələri səfər etdikləri ölkələrdə Azərbaycan əleyhinə danışlar.

Ermənistanın Türkiyəyə və Azərbaycanı nifrətini tarix boyu hiss etmişik. Buna görə də Ararat Mirzoyanın Yunanıstanda Azərbaycanın və Türkiyənin üzərinə tökdüyü nifrətdə təsadüfi heç nə görmürəm. Ermənistana nə isə lazım olanda, ya da təzyiq altında olanda belə addımlar atırlar.

Tofiq Zülfüqarlı: “Ararat Mirzoyanın Yunanıstanda Azərbaycanın və Türkiyənin üzərinə tökdüyü nifrətdə təsadüfi heç nə görmürəm”.

Bir daha qeyd edim ki, onsuz da Ermənistan xarici işlər nazirinin dediyi kimi Türkiyə və Azərbaycanla münasibətləri bu şəkildə qurublar. Paşinyan son zamanlar Türkiyə ilə yaxınlaşma mesajlarını verirdi. Amma xarici işlər naziri Türkiyə haqqında başqa sözlər səsləndirdi. Ermənistanın apardığı siyasət budur. Ola bilsin sabah Paşinyan Türkiyəyə qarşı çıxacaq, amma Mirzoyan Türkiyə ilə yaxınlaşmaq istədiklərini dilə gətirəcək.

Yaxud da Azərbaycanla bağlı Mirzoyan sülhpərvər deyəcək, Paşinyan “qaniçən” deyəcək. Bunların hamısı sadəcə olaraq Ermənistanın siyasi oyunudur və siyasi davranışın növüdür. Ermənistan heç vaxt səmimi olmayıb və olmayacaq da. Onların bu cür davranışına da biz artıq öyrənmişik. Buna görə də Mirzoyanın verdiyi bəyanatlarda təəcüblü heç nə yoxdur”.

Nərminə UMUDLU pia.az