Səfər Mehdiyev DGK-nın saytından nehrəmlilərlə bağlı məlumatları sildirib

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev kariyerasının ən çətin dövrünü yaşayır. Qısa müddət ərzində sözügedən qurumda iki generalın hüquq-mühafizə orqanları tərəfindən saxlanılmasından sonra S.Mehdiyevin başının üzərindəki qara buludlar daha da sıxlaşıb.

DGK sədrinə yönələn əsas ittihamlardan biri də onun kadr seçimində regiona mənsubiyyəti əsas götürməsidir. DGK-ya rəhbərlik etməyə başlayandan sonra qısa müddət ərzində öz həmkəndlilərini - Naxçıvan Muxtar Respublikasının Nehrəm kəndində doğulmuş şəxsləri məsul vəzifələrə gətirməsi S.Mehdiyevə qarşı mənfi münasibətin yaranmasında başlıca faktora çevrilib.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin sürətlə Nehrəm Gömrük Komitəsinə çevrilməsi onun özünü də narahat etməyə başlayıb. DGK sədri ciddi-cəhdlə bu faktı ört-basdır etməyə çalışır. Məhz onun göstərişi ilə qurumun saytında vəzifəli şəxslərlə bağlı məlumat bölməsində onların doğulduğu yer çıxarılıb.

S. Mehdiyev bu yolla ictimai qınaqdan qurtulmağa və özünün regionçu imicindən xilas olmağa çalışır. Müşahidəçilər isə onu bu addımının ciddi effekt verəcəyinə inanmırlar. Çünki S. Mehdiyevin gizlətməyə çalışdığı fakt çoxdan ictimaiyyətə məlumdur. (yenisabah.az)

pia.az