Rayon rəhbəri Avropa Türk Federasiyasının başqanı Şəntürk Doğruyolu qəbul edib

Müqəddəs Qurban bayramı münasibətilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Avropa Türk Federasiyasının başqanı Şəntürk Doğruyol və Azərbaycan Türk gənclərinin dostluq cəmiyyətinin sədri Seyhan Hakanı qəbul edib.

İcra başçısı qonaqları Qurban Bayramı münasibəti ilə təbrik edərək Türkiyə Azərbaycan dostluğundan, onlar arasındakı iqtisadi əlaqələrdən söhbət açaraq Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını dilə gətirib. O, 44 gün davam edən Vətən müharibəsində də Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bildirib.

Avropa Türk Federasiyasının başqanı Şəntürk Doğruyol Türkiyə Azərbaycan qardaşlığının tarixi köklərindən danışıb. Türkiyədə və Avropada yaşayan türk gənclərinin hər zaman Azərbaycan dövlətinin, gənclərinin və ordusunun yanında olduğunu qeyd edib.

Görüş zamanı Tərtər rayon İcra Hakimiyyətinin başçısı qonaqlara rayon icra hakimiyyəti tərəfindən təşəkkürnamələr və xatirə hədiyyələri təqdim edib, sonra onlarla xatirə şəkilləri çəkdirib.

Qeyd edək ki, Avropa Türk Federasiyası tərəfindən ölkəmizdə Müqəddəs Qurban bayramı münasibətilə qurbanlıqlar kəsilərək şəhid ailələrinə, qazilərə, hərbiçilərə və aztəminatlı ailələrə paylanılır. Bu ildə federasiya tərəfindən Tərtər rayonu, da qurbanlıqlar kəsilərək qeyd olunan kateqoriyadan olan sakinlərə paylanılıb.

##galery##

pia.az