Şeyx: "5-10 deputatı çıxmaq şərtilə, digərlərinin imkanı da, başqa yerlərdən gəlirləri də var"

"İnsanların güzəranının, dolanışığının yaxşılaşması xoşuma gəlir. Bu hal birtərəfli olduqda insanlara xoş getmir. Deputatlar özləri haqqında fikirləşdikləri kimi təqaüdçülər, müharibə iştirakçıları, qazilər, şəhidlərimizin ailələri barədə də fikirləşsinlər. Deputat olsaydım, maaşımın artırılmasına etiraz edərdim, xahiş edərdim, vəsaiti uşaqların ehtiyaclarının qarşılanması köçürün. Əvvəlcə uşaqlarımızın qeydinə qalmalı və imkansız adamların maaşlarını artırmalıyıq. Milli Məclisdəki 5-10 deputatı çıxmaq şərtilə, digərlərinin imkanı da, başqa yerlərdən gəlirləri də var. Amma uşaqların, təqaüdçülərin, xəstə insanların gəlirləri yoxdur".

Bunu Pravda.az-a açıqlamasında Azərbaycanın Xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudbəyov deyib.

Xalq artisti qeyd edib ki, ehtiyac içərisində olan insanların vəziyyəti göz önündə olduğu halda deputatların maaşlarının artırılması cəmiyyətdə narazılıq yaradıb: "Doğrusu, deputatların maaşlarının artırılmasına pis baxmıram. Sadəcə olaraq, vətəndaşlıq, insanlıq mövqeyindən çıxış edərək fikirləşirəm ki, kaş elə olardı ki, bütün təqaüdlər də paralel olaraq qalxardı. Onda nə şiş yanardı, nə kabab. İndiki halda isə kababı qoyub, şişi yandırırlar. Bu da təbii ki, insanlara, o cümlədən mənə də xoş gəlmir".

pia.az