«e-Manat» ödəniş sistemində problemlər yaranıb

"e-Manat Modenis" Məhdud Məsuliyyətli Cəmiyyətinin terminalları vasitəsilə bank kartlara köçürülən vəsaitlə bağlı kütləvi problemlər yarandığı bildirilir.

Şikayətçilər Turana bildirib ki, dünən, iyunun 14-də həmin terminallar vasitəsilə "AzərTürkBank" bank kartlarına köçürülən vəsait bir sutkadan çoxdur ki, kart sahiblərin hesabına köçürülməyib. "Zəng vuranda müxtəlif səbəblər gətirərək "pul kartınıza köçürüləcək" deyilsə də nəticə sıfırdır".

e-Manat Modenis" Məhdud Məsuliyyətli Cəmiyyətindən Turana bildirilib ki, dünən texniki problem yaşanıb və hələlik bu problemi həll etmək mümkün deyil. "Bizim sistemimizdə ödənişlərin uğurla keçdiyi görsənir, amma nədənsə bankın sistemində ödənişlər görsənmir".

Şirkətdən qeyd olunub ki, mütəxəssisləri problem üzərində işləyir. "Problem həll olunan kimi vəsaitlər hesabına köçürüləcək. Lakin bunun nə vaxt olacağını deyə bilmərik".

"AzərTürkBank" Açıq Səhmdar Cəmiyyətindən Turana bildirilib ki, bank sistemində problem yoxdur. "Problem e-Manatın sistemində olub, indi də davam edir".

Bank məsələlər üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov bildirib ki, problem müxtəlif səbəblərdən qaynaqlana bilər. "Texniki da ola bilər. Amma istənilən halda məsuliyyət hər iki qurumun üstündədir".

Ekspertin sözlərinə görə, kart sahibi məhkəməyə müraciət edə bilər. "Əgər kart sahibinə maddi ziyan dəyibsə, yəni o harasa bu pulu köçürməli idisə, yaranmış məsələyə görə köçürə bilməyibsə və onun üzərinə maliyə sanksiya gəlibsə onda maddi təzminat istəyə bilər. Həmçinin mənəvi təzminat da tələb etmək mümkündür".

pia.az