Xalq artisti: "Heydər Əliyev deyirdi ki, ağac kəsən qolumu kəsir"

“Biz Ulu Öndərimiz Heydər Əliyevin qoyduğu dövlətçilik ənənəsini yaşadırıq. O sağlığında dəfələrə deyib ki, Bakıda bir ağac kəsən mənim qolumu kəsir. Məgər bunların hamısı dövlət başçsının işidir? Axı bu işlə məşğul olan sahə müvəkkillləri, icra strukturları, bələdiyyələr, o ərazilərə məsul olan şəxslər var. Onlar niyə bundan narahat olmurlar?”

Bunu Pravda.az-a açıqlamasında Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü, Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib.

O bildirib ki, Bakı bərbad gündədir: "Şəhər artıq ölü bir əraziyə çevrilib. Ağacları kəsirlər yerində nəsə tikirlər. Nə istəyirlər Bakıdan? Nə qədər şəhəri tikib doldurmaq olar? O evləri kim alacaq? Camaatın pulu var getsin şəhərdə ev alsın? Niyə bu tikintilər dayanmır? Kimdir bunları tikən? Onlar pulu haradan alır? Kim onlara icazəni verir? Kimdir onların arxasında dayanan? Bunların hamısı üzə çıxmalıdır. Bakı axı ölür, biz burada yaşaya bilmirik. İşğaldan azad olunan Qarabağ kimi cənnət məkan bir ərazi başdan-başa açılıb, Prezidentimiz tez-tez özü ora gedir ki, millətimiz görsün gəlib orada tikib qurub, yaratsınlar. Yoxsa ki, hamı yığılıb şəhərin mərkəzinə. Balaca uçuq-sökük evi söküb yerində 15-20 mərtəbəli bina tikirlər. Bunların hamısı istismara veriləndən sonra Bakıda həyat necə olacaq? Əl çəkin də şəhərdən. Əgər sizin həqiqətən də bu xalqa, dövlətə xidmət etmək kimi bir məqsədiniz varsa, gedin rayonlarda, Qarabağda tikin, qurun da. Nə istəyirsiniz Bakıdan? Bakı boğulub, məhv oldu axı. Şəhərdə cəmi üç milyon əhali var, onların da yarısının evi var. Qalan boş evləri də açın camaata paylayın, pis günə qalan, ifunət iyi verən zirzəmiləri, məhəllələri də söküb yerlərində park, xiyaban salın ki, heç olmasa Bakı nəfəs alsın. Bakıda yaşayanları səfərbər olmağa çağırıram. Xahiş edirəm ki, hamımız bu məsələ ilə bağlı səfərbər olaq ki, Bakıda bu cür tikintilər dayandırılsın".

pia.az