Nigeriyada kilsəyə hücum zamanı 85 nəfər öldürülüb, yaralılar var

Nigeriyanın cənub-qərbində yerləşən Müqəddəs Fransisk katolik kilsəsində silahlıların hücumu nəticəsində 50-dən çox adam həlak olub.

PİA.az xəbər verir ki, bu barədə yerli “Nigerian Tribune” qəzeti həkimlərə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, yaralılar da var, onlar Ovo şəhərinin tibb mərkəzinə aparılıb. Bundan əvvəl Nigeriya mediası 25-ə yaxın öldüyünü bildirib. Öz növbəsində “Politics Nigeria” xəbər portalı Yoruba xalqının ictimai lideri Banji Akintoyeyə istinadən 85 nəfərin öldüyünü bildirib.

Ölənlərin sayı ilə bağlı hələ rəsmi təsdiq yoxdur.

Qeyd edək ki, səhər ayin zamanı beş yaraqlı kilsəyə soxulub. Onlar ətrafdakılara atəş açıblar və keşişi ələ keçirməyə çalışıblar. Keşiş müqavimət göstərdikdən sonra hücum edənlər kilsə üzvlərinə bomba atıblar.

Hücuma məruz qalan kilsə Ondo əyalətinin Ovo rayonunda yerləşir. Regional xəbər portalı “Sahara Reporters” xəbər verib ki, hücumu terrorçular həyata keçirib.

Nigeriyada xristianlar ölkə əhalisinin 47 %-ni təşkil edir. Onlar əsasən ölkənin cənubunda yaşayırlar. Ölkədə müsəlmanlar əhalinin 51 %-i təşkil edir və şimal və mərkəzi bölgələrində yaşayırlar.

18:21Nigeriyanın cənub-qərbində yerləşən Müqəddəs Fransisk katolik kilsəsində güclü partlayış olub.

PİA.az xəbər verir ki, bu barədə Nigeriyanın “This Day” qəzeti məlumat yayıb.

Partlayış Ondo ştatının Ovo qraflığında kilsə binasının yaxınlığında çoxlu sayda dindarın olduğu vaxt baş verib. Məlumata görə, ölən və yaralananlar var. Yerli “PM News” xəbər portalı ölənlərin sayının 50 nəfər ola biləcəyini yazıb. Rəsmi məlumatlar hələ yoxdur.

Öz növbəsində, regional xəbər portalı “Sahara Reporters” xəbər verib ki, partlayış terrorçular tərəfindən törədilib. Elektron nəşr hadisə yerindən çoxsaylı qurbanları əks etdirən fotoşəkilləri dərc edir.

pia.az