"Nazirlik qazilərin qanunsuz hərəkətlərinə qiymət veriləcəyini deməzdən əvvəl..."

“Vətən Müharibəsi iştirakçılarının Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısındakı aksiyasına hadisəni tam təfsilatı ilə bilmədiyimə, ən əsası isə qazilərin əməllərində bəzi qanunsuzluqların olduğuna görə fikir bildirmək istəmirdim. Ancaq bu gün Nazirliyin açıqlamasını eşidəndən sonra susa bilmədim. Nazirliyin açıqlamasından da görünür ki, qazilərin qaldırdığı bəzi məsələlərin əlavə araşdırılmasına ehtiyac var. Deməli, Nazirliyin binası qarşısında baş verənlər heç də əsassız deyilmiş. Vətən Müharibəsinin bitməsindən 19 ay sonra da müharibədə sağlamlıqlarını itirmişlərin əlillik problemlərinin hələ də həll edilməməsi heç bir əndazəyə sığmır. Bu barədə başqalarını demirəm, elə özüm dəfələrlə yazıb, canlı yayımda çıxış edib qazilərinin problemlərinin araşdırılmasında yol verilən süründürməçiliyə son qoymağı tələb etmişəm. Dəfələrlə bildirmişəm ki, bu tək qazilərə qarşı haqsızlıq yox, həm də ölkədə qarışıqlıq yaratmaq istəyinlərin xeyrinədir. Hətta baş verənlərin Hakimiyyətə qarşı təxribat olduğunu bildirib Respublika Prokurorluğuna, DTX-yə müraciətlər ünvanlamışdım. Unudanlar üçün 31 dekabr 2021-ci ildəki yazımın bir hissəsini olduğu kimib diqqətinizə çatdırıram: “Bilavasitə məşğul olduğum işlə bağlı öyrəndim ki, əlilliyi olan şəxslərin müayinəsini Səhiyyə Nazirliyi aparır və sənədləri ƏƏSM Nazirliyinin sisteminə oturduqdan sonra əlillik verilir. Müəyyən etdim ki, Gəncə və ətraf 11 rayon üzrə sistemə oturtma Gəncə Psixiatrik Xəstəxanasında həyata keçirilir. Oranın Baş həkimi E.Mirzəyevə ilə söhbətdən bildim ki, təxminən bu ilin iyun ayından sistem sıradan çıxıb və əlilliyi olan on minlərə şəxsin sənədlərini ƏƏSM Nazirliyinin sisteminə işləmək olmur. Bu şəxslərin sırasında Vətən Müharibəsi iştirakçıları da var. 22 noyabrdakı canlı yayımda bunu Dövlətə qarşı təxribat adlandırıb DTX, DİN və Baş Prokurorluğun rəhbərlərinə tədbir görülməsi üçün müraciət etdim. Dünən araşdırdıqda yenə hər şeyin olduğu kimi qaldığını öyrəndim.” Ona görə də Nazirlik öz bəyanatında qazilərin qanunsuz hərəkətlərinə qiymət veriləcəyini deməzdən əvvəl, onları o həddə çatdıranlar barədə tədbirlər görüləcəyini deməli idi. Unutmaq lazım deyil ki, həmin şəxslər müharibə keçib, od-alov, qan görüblər və gördükləri onların psixikasında sağalmaz yaralar buraxıb”.

PİA.az-ın xəbərinə görə, bunu tanınmış vəkil Aslan İsmayılov bildirib.

A.İsmayılov qeyd edib ki, normalda belə şəxslərin heç bir xəsarətləri olmasa belə, psixoloji reabilitasiyadan keçməlidirlər: “Reabiltasiya bir kənara, bizim qazilərə adi insani münasibət belə göstərilmədi. Dövlət də bir ailədir. Ailədə necə ki, sağlamlığında qüsur olan uşağa xüsusi diqqət yetirilir, Dövlətdə də sağlamlığında problem olanlara, xüsusilə, bizə şərəfli qələbə qazandırmış şəxslərə xüsusi qayğı və diqqət olmalıdır. Bizdə isə tam əksinədir. Əvvəllər dəfələrlə yazdığımı, dediklərimi bir daha təkrar edirəm. Hər rayonda ortalama 100 nəfər qazi ola bilər. Elə hər rayonda da onlarla vəzifə sahibləri - başçılar, onların müavinləri, şöbə müdirləri, yerlərdəki struktur bölmələrin rəhbərləri, prokurorlar, polis rəisləri, hakimlər və digər vəzifəli şəxslər var. Bunların hər biri təxminən 3 nəfər qazini ayda bir dəfə qəbul edib dinləsə, onlara hörmətlə yanaşıb heç nə etməsə belə, Sizi tam əmin edirəm ki, heç bir problem olmaz. Bizim yerlərdəki “şahlar” isə qarşılarındakılara yuxarıdan aşağı baxırlar. Heç kim mənə deməsin ki, bu, onların vəzifə borcları deyil və qanunda belə öhdəlik yoxdur. Vətən Müharibəsi də qanunda nəzərdə tutulmayıb və tez-tez baş vermir. Sadəcə, insan olmaq lazımdır! Heç vaxt yadımdan çıxarda bilmədiyim, hər dəfə xəcalət hissi ilə xatırladığım bir halı diqqətinizə çatdırım. Birinci Qarabağ Müharibəsi əlillərinə qarşı da oxşar hadisə baş verdi. Qarabağ əlillərinin problemləri həll edilmədi və çıxılmaz vəziyyətdə qalan əlillər qeyri-qanuni əməllərə sövq edildi. Onlara qanunda nəzərdə tutulmayan gəlir yerləri – avtobus marşrutlarına nəzarət və s. kimi işlər verildi. Sonda isə qudurmuş məmurlar həmin yerləri özləri almaq üçün onları təxribata çəkdilər və onlarla Qarabağ qazisi məhkum edildi. Bu utancverici hadisəni bir daha təkrarlamamaq üçün qanunda nəzərdə tutulmuş addımlar vaxtında atılmalıdır”.(Pravda)

pia.az