MMP-nın Yevlax rayon təşkilatının sədri Vilayət Eyvazovla görüşdü

Müasir Müsavat Partiyasının Yevlax rayon təşkilatının sədri Sultanov Bəhrəm Allahverdi oğlu Daxili İşlər naziri Vilayət Eyvazovun rayonda keçirdiyi qəbulda iştirak edib.

Bu barədə Bəhram müəllimin özü məlumat verib. Məlumatda deyilir:

Aprelin 29-da Daxili İşlər Naziri Vilayət Eyvazov Göyçay şəhərində qəbul keçirirdi. Qəbulda bölgələr üzrə 9 rayon iştirak edirdi. Bu rayonlardan biri də Yevlax rayonu idi. Mən Müasir Müsavat Partiyasının Yevlax rayon təşkilatının sədri olaraq  narkomaniyaya qarşı mübarizə ilə bağlı cənab nazirin qəbuluna yazıldım. Qəbulda hal-hazırda ölkəmizdə həm aktual mövzu, həm də bəla olan narkomaniya barədə çıxış etdim. Gənclər və yeniyetmələr arasında bu bəlanın Yevlaxda da yayılmasından çox narahat olduğumu bildirdim. Çünki narkomaniyanın qarşısını indi almasaq gələcəkdə bizi çox bəlaların gözlədiyi açıq-aşkardır.

Cənab Prezidentimiz də həmişə çıxışlarında qeyd edir ki, ölkədə olan neqativ hallara qarşı ictimaiyyət olaraq birlikdə mübarizə aparmalıyıq. Vilayət Eyvazov da Prezidentin bu tezisini irəli sürərək bizə bildirdi ki, bu məsələyə görə birlikdə mübarizə aparmalıyıq.

Nazir bizim rayonda aktiv olduğumuzu, belə neqativ hallarla bağlı məlumat verdiyimizi qeyd etdi. Partiyamızın dövlətimizin qorunması, ölkədə olan neqativ halların qarşısının alınması və ölkəmizin müdafiəsi üçün gördüyü işləri də nazir nəzərə çatdırdı. O Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin adını çəkdi. Eyvazov Hafiz Hacıyev haqqında çox dəyərli fikirlər söylədi.

Nazir bildirdi ki, kaş bütün partiyalar da bizim partiya kimi aktiv ola, rayonlarda çatışmayan cəhətlərin hamısını bizə canlı gəlib deyə və biz də məlumatlı olaq. Hətta nazir diqqətimizə çatdırdı ki, bütün partiyalar rayonlarda olan çatışmayan cəhətləri, neqativ halların hamısını rəhbərliyə çatdırmalıdırlar. 

Mən cənab nazirə partiyamızın adından çox təşəkkürümü bildirdim. Eyni zamanda cənab nazirə partiya sədrimizin əməyinə qiymət verdiyi üçün də sağ olumu dedim. Qeyd etdim ki, mən Hafiz Hacıyevin tövsiyəsi ilə buraya gəlmişəm. Çünki Müasir Müsavat Partiyasının Yevlax rayonu sədri olaraq bu problemi cənab nazirə çatdırmağa özümüzə borc bilirik. Cənab nazir də bizə öz təşəkkürünü bildirdi.

Onu da qeyd edim ki, mən qəbulda cənab nazirin hər bir vətəndaşı necə təmkinlə dinlədiyinin şahidi oldum. Nazir hər bir məsələni diqqətdə saxlayırdı və sonra öz tapşırıqlarını verirdi.

pia.az